Anar Rzayev: “Piyadaların rahat hərəkəti üçün layihələr həyata keçirilib”

“Piyada səfərlərinin təşviq edilməsi üçün layihələr həyata keçirilib”.

Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, son dövrlərdə həyata keçirilmiş tədbirlər sayəsində bəzi müsbət nəticələr əldə edilib:

“Belə ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb. Taksi daşımalarında isə 32 faizlik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir.

Bu ilkin nəticələrin əldə edilməsi üçün bir neçə istiqamətdə işlər görülüb. Bunlar, ilk növbədə, əlbəttə ki, avtobuslarla bağlıdır. İki il ərzində şəhərdə avtobusların sayı 440 ədəd və ya 25 faiz artırılıb. Hazırda bu, rekord səviyyəyə – 2160-a çatıb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu, son say həddi deyil və avtobusların sayının 2800-ə çatdırılması nəzərdə tutulub.

Şəhərdə avtobuslara əhalinin inamını artırmağa imkan verən xüsusi zolaqlar şəbəkəsi hazırlanıb. Bunun sayəsində avtobusların həm sürəti, həm göstərilən xidmətlərin keyfiyyəti artıb. Şəhər daxilində avtobusların orta sürətinin 18 kilometrdən 22 kilometrə qədər artması müşahidə edilib. Sıxlıq çox olan bəzi küçələrdə, – Atatürk prospektində bunu mən nümunə göstərə bilərəm, – sürət 12 dəqiqə azalmışdır, yəni, keçid orada 12 dəqiqə azalmışdır. Bu da vətəndaşların ictimai nəqliyyatdan istifadəsinə keçidinə ciddi bir təşviq yaradıb.

Qeyd edildiyi kimi, piyada səfərlərinin təşviq edilməsi üçün də layihələr həyata keçirilib. Bunlar, ilk növbədə, Xaqani parkında və metronun “28 May” stansiyasının önündə həyata keçirilmiş layihələrdir ki, hər iki əraziyə avtomobillərin daxil olması məhdudlaşdırılmışdır və bu yerlər piyadaların istifadəsinə verilmişdir. Sizin göstərişinizlə Xaqani parkında və metronun “28 May” stansiyasının önündə piyada zonası, eləcə də avtomobil habı yaradılmışdır. Son layihə isə Qoşa Qala qapısının önü, Əziz Əliyev küçəsi və İçərişəhərin daxilində avtomobillərin hərəkətinin məhdudlaşdırılması idi ki, nəticədə Bakı şəhərində nəhəng bir piyada zonası yaranmışdır. Bu istiqamətdə də işlər davam etdiriləcək. Layihələr hazırlanır və bu iş başa çatdıqdan sonra müvafiq qaydada təqdim ediləcək”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More