Pərviz Heydərov yazır…
Ötən il ölkəyə 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da, 2023-də qeydə alınan analoji göstəricidən 315 milyon dollar çox deməkdir.
Misal üçün, 2023-cü ildə xaricdən Azərbaycana 16 min 596 ton həcmində 92 milyon 416 min dollar dəyərə malik kərə yağı və süddən hazırlanan digər yağ məhsulları gətirilmişdisə, 2024-cü ildə bu rəqəmlər 29 min 611 ton təşkil etməklə 173 milyon 604 min dollara bərabər olub.
Başqa sözlə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 81 milyon 188 min dollar və ya 87.6%, miqdar ifadəsi ilə isə 13 min 15 ton və ya 78.4% artıb.
Ötən il ərzində ölkəmizə 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət idxal edilib ki, 2023-cü ildə bu rəqəmlər 86 milyon 739 min dollar dəyərində olmaqla 41 min 707 ton təşkil edib.
Azərbaycana ət idxalı 2024-cü il ərzində 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 42 milyon 817 min dollar və ya 49.4% , miqdar ifadəsi ilə isə 16 min 982 ton və ya 40.7% artıq olub.
Ümumiyyətlə, 2024-də idxalı artan məhsullar sırasında ət dəyəri 86.7 milyon dollardan 129.6 milyon dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar 92.4 milyon dollardan 173.6 milyon dollara, meyvə-tərəvəz 230 milyon dollardan 282 milyon dollara, düyü 50.1 milyon dollardan 66.1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağlar isə 184 milyon dollardan 226.5 milyon dollaradək yüksəlib.
Bu, çox ciddi mənfi bir tendensiyadır. Sual yaranır ki, yeyinti məhsulları idxalı bu cür niyə artsın, səbəb nədir? Qeyri-neft-qaz sektoru üzrə məhsulların istehsalı və ixracını prioritet seçən ölkə üçün bu normal hal sayılırmı?
Yeri gəlmişkən, ümumən xarici ticarət dövriyyəmizin onsuz da enməkdə olduğunu, xüsusən də idxalın ixracı getdikcə üstələdiyi faktını əvvəlki şərhlərimdə qeyd etmişəm. Hansı ki, bu, özünü əsasən, 2023-cü ildən etibarən göstərməyə başlayıb. Belə ki, ölkəmizdə neft hasilatının enməsi ilə əlaqədar ixracımız enməyə doğru start götürüb.
Lakin söhbət ondan gedir ki, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra sanki, buna əlavə bir zəmin də ortaya çıxıb. Belə ki, ixracımızın enməsi səbəbi rolunda çıxış edən neft hasilatının azalması ilə yanaşı, dünya bazarlarında həm də onun qiymət əlverişsizliyi amilinin də təsirinin getdikcə gücləndiyi fonda ərzaq idxalının da artması həqiqətən təhlükəli məqamdır.
Bu, heç bir halda normal hal sayıla bilməz və neftə görə xarici ticarətimizin azalması fonunda ərzaq idxalının genişlənməsi iqtisadiyyatın indiyədək birtərəfli qaydada inkişafının əsil fəsadlarını hələ bundan sonra ortaya çıxara və büruzə verə bilər. Yəni, daxili bazarımız ən zəruri istehlak malları üzrə idxaldan daha sərt şəkildə asılı vəziyyətə düşə bilər ki, bunu aradan qaldırmaq çətin bir problemə çevrilər.
Sual olunur ki, biz, nədən özümüzü ət və yağ məhsulları ilə təmin edə bilmirik ki, səbəb nədir?
Dövlətimiz tərəfindən aqrar sektor bu qədər müvafiq dəstək gördüyü və subsidiyalaşdırıldığı halda, xüsusən heyvandarlıq sarıdan idxaldan asılılığımız görəsən, niyə artır?
Girişdə qeyd etdim ki, ölkədə yeyinti məhsulları idxalı 2024-cü ildə 2 milyard 474 milyon 815 min 900 ABŞ dollarına başa gəlib. Bu, ilk növbədə o deməkdir ki, göstərilən dövrdə ölkəmizdən məhz bu qədər xarici valyuta kənara çıxıb. Niyə, hansı səbəbə görə?
Qeyd olunan vəsaiti daxildə sözügedən məhsulların istehsalı, tədarükü və əldə olunmasına yönəltmək mümkün deyildimi? Təbii ki, mümkün və realdır.
Məsələ bundadır ki, ölkədə heyvandarlıq bərbad gündədir. Bu, son illər ərzində belə vəziyyətə düşüb. İllər öncə, biz ən əsas ərzaq məhsulları sırasında ət ilə özümüzü 90-95% səviyyəsində təmin edirdik. Bu, torpaq islahatı aparıldıqdan sonrakı dövrə də aid idi.
Lakin sonradan pambıqçılığın və bir sıra digər sahələrin inkişafına müvafiq diqqətin artırılması nəticəsində heyvandarlığa böyük zərbə dəydi. Örüş yerləri azaldı, yem problemə çevrildi və sair… Yəni qeyri-neft ixracımızı genişləndirmək məqsədilə aqrar sahədə atılan addımlar və yürüdülən siyasətdə balans qorunmadı.
Bax bu, çox böyük ciddi səhv yanaşma idi. Və ən əsası, ərzaq təhlükəsizliyi məsələsinin təmini məqsədilə üst-üstə düşmədi və düşmür də. Ona görə də yeyinti məhsulları tədarükü və istehsalı sahəsində malik olduğumuz bir sıra əlverişli xammal bazasını itirdik. Halbuki qeyri-neft və qaz sektoru sahələrini inkişaf etdirmək üçün bu əsas üstünlüklərimizdən sayılırdı. Nəticədə yerli yeyinti məhsulları istehsalında da kənar xammaldan istifadəyə yol açıldı və bu, genişləndi.
Yeyinti məhsulları idxalı artdığı halda hansı ərzaq təhlükəsizliyimizdən söhbət gedə bilər? Sözsüz ki, heç bir…
Qida məhsullarından yalnız buğdanın idxal dəyərində azalma qeydə alınıb ki, bu da 2023-cü ildə 304 milyon ABŞ dollar dəyərində idxal həyata keçirilmişdisə, 2024-cü ildə 279.7 milyon dollar təşkil etmişdir. Halbuki, ərzaqlıq buğda uzun illərdir kənardan asılılıqdan qurtulmaq istədiyimiz ən ümdə məhsullardan birincisi sayılırdı. Ancaq, indi ərzaqlıq buğdadan da vacib məhsulların idxalı artır.
Sözün qısası, hesab edirəm, yeyinti məhsullarının idxalı nəzarətə götürülməli, yerli istehsal himayə altına alınmalı, daxili xammal bazası əvvəlki illərdəki vəziyyətə qaytarılmalı, idxal bir sıra mallar üzrə məhdud çərçivəyə salınmalıdır.
2025-ci ildə kənd təsərrüfatı sahəsində xüsusən heyvandarlıq təcili şəkildə bərpa olunmalıdır.