“Rafael Ağayev bizim üçün dəyərli idmançıdır və ona yüksək qiymət veririk”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Rafael Ağayev haqqında danışarkən deyib.
O, 39 yaşlı idmançının Azərbaycanla yanaşı dünyada da məşhur olduğunu bildirib:
“Dünyada nadir nəticələrdən biri də məhz ona məxsusdur. Hazırda karatedə çıxış etməsə də, hər zaman onu dəyərləndiririk”.
“Hamı bilməlidir ki, idman dövlətin dəstəyi və qayğısı ilə əhatə olunub. Bu olmasa, inkişaf mümkünsüzdür. Azərbaycan Karate Federasiyası ictimai birlikdir. Qurumun bəlli büdcəsi var. Hazırda sponsorumuz yoxdur. Gənclər və İdman Nazirliyi bizə dəstək göstərir. Büdcəmiz nəyə icazə verirsə, hamıya maddi və mənəvi dəstək verməyə çalışırıq. Nəyə gücümüz çatırsa, titullu idmançılarımıza dəstək olmağa hazırıq. Federasiyanın imkanları məhduddur. Bunlar anlayışla qarşılanmalıdır”.
Qeyd edək ki, Rafael Ağayev daha əvvəl Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti postundan ayrılıb.
Anar Həsənov