Şəhər mobilliyinin artırılmasının müsbət tərəfləri nələrdir?

“Azərbaycanda şəhər mobilliyinin artırılması ilə hamı üçün sərbəst hərəkət təmin edilir. Həmçinin çəkilən avtobus zolaqları ilə insanların ictimai nəqliyyata axın etməsinə şərait yaradılır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, iqlim dəyişikliyi ilə əlaqədar olaraq dünya ölkələrində, eləcə də Azərbaycanda şəhər mobilliyinin artırılması istiqamətində işlər görülür:

“İqlim dəyişikliyi ilə bağlı BMT-nin xüsusi proqram və layihələri var. Dünyada iqlim dəyişikliyi ilə bağlı böyük hərəkat başlayıb. Dövlətlər üzərlərinə öhdəliklər götürüblər. İri şəhərlər atmosferə buraxılan karbon qazının miqdarının azaldılması üçün işlər aparmalıdırlar. Bunun üçün də yaşıllıqların artırılması, havaya buraxılan zərərli qazların miqdarının azaldılması, şəhər mobilliyinin artırılması kimi işlərin görülməsinə başlanılıb.

Şəhərdə hamı üçün hərəkət sərbəstliyinin təmin edilməsi şəhər mobilliyinin artırılması deməkdir. Yəni motosiklet sürən, əlil arabasında hərəkət edən, velosiped sürən, avtomobil idarə edənlər, ictimai nəqliyyatın seqmenti olan sərnişinlər üçün də rahat hərəkət təmin edilməlidir.

Buna görə də Azərbaycanda da şəhər mobilliyinin təkmilləşdirilməsi işləri görülür. Avtobus zolaqları çəkilir ki, insanlar ictimai nəqliyyata üz tutsunlar, işlərinə gecikməsinlər. Həmçinin velosiped zolaqları da ona görə salınır ki, şəhər mobilliyi təmin edilsin, yəni avtobusla hərəkət etmək istəməyən skuterlə, velosipedlə və s. hərəkət etsin. Burada hamı üçün şərait yaradılır”.

Ekspert qeyd edib ki, əvvəllər velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilmirdi:

“Bakıda velosiped bir nəqliyyat vasitəsi kimi heç vaxt məşhur olmayıb. Velosipeddən sadəcə əyləncə və idman vasitəsi kimi istifadə edilib. Hazırda zolaqların çəkilməsi həm velosiped, həm də skuterləri məşhurlaşdırmaq məqsədi daşıyır ki, insanların hərəkəti şəhərdə şaxələndirilsin. Yəni, onlar yalnız avtomobillərdən deyil, digər nəqliyyat vasitələrinə də üstünlük versinlər”.

Onun sözlərinə görə, marşruta buraxılan avtobusların sayı artdıqca fərdi avtomobillərdən, taksidən istifadə edənlərin sayı da azalıb:

“Biz artıq müşahidə edirik ki, ictimai nəqliyyatın avtobus seqmentindən istifadə edən vətəndaşların sayı gündən-günə artır. Həmçinin bununla yanaşı marşruta buraxılan avtobusların sayı da artır. Ötən ilin sentyabr ayından 170 avtobus təmir olunaraq marşruta buraxılıb, 161 elektrik mühərrikli avtobus gətirilib, eyni zamanda 60 avtobus isə özəl daşıyıcılar vasitəsilə gətirilib. Say artır, bu ilin sonuna qədər də daha çox avtobusun marşruta buraxılması gözlənilir.

Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Məqsəd də budur ki, şəhər ərazisində ənənəvi benzin və dizel ilə çalışan avtomobillər yox, elektrik mühərrikli avtomobillərin, skuterlərin, atmosferə zərər verməyən nəqliyyat vasitələrinin hərəkəti təmin edilsin. Mikromobilliyin təmin edilməsinin verdiyi müsbət nəticələrdən danışanda ekosistemin yaxşılaşdırılmasını, nəqliyyatın şaxələndirilməsini qeyd etməliyik. Əvvəllər avtobus, metro, fərdi nəqliyyat vasitələrindən insanlar daha çox istifadə edirdisə, indi digər vasitələrdən istifadə edənlərin sayı artıb. Mikromobillik vasitələri təkcə ölkəmizdə deyil, ümumilikdə dünyada da yeni bir nəqliyyat vasitəsi kimi qəbul oluna bilər. Azərbaycanda da mikromobillik vasitələrinə, velosipedlərə üstünlük verənlər üçün ona görə də şərait yaradılır. Düzdür, işlər görülür, lakin hələ də qarşıda görüləcək işlər çoxdur. Metroda qatar sayının artırılması üçün yeni stansiyalar, depolar tikilməlidir, avtobus seqmentində köhnə, sərnişindaşımaya uyğun olmayan nəqliyyat vasitələri yığışdırılmalıdır. Həmçinin tramvay xətlərinin çəkilmə prosesi sürətləndirilməlidir. Çünki vaxtilə tramvay xətlərinin söküldüyü dövrdə ictimai nəqliyyatın şaxələndirilməsi azaldılıb. Hazırda nəqliyyatın dirçəldilməsi istiqamətində işlər aparılır”.

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, nəqliyyatda mikromobilliyin artırılması ilə əlçatanlıq təmin edilib:

“Mikromobillik insanların nəqliyyata əlçatanlığını asanlaşdırır, piyadaların rahat hərəkətini təmin edir. Avtobus zolaqlarının çəkilməsi, onun əhatə dairəsinin artırılması müsbət tendensiyalardan biridir, bu da insanlar tərəfindən yaxşı qarşılanır. İnsanyönümlü şəhərlər proyeksiyasından baxanda, bu daha cəlbedicidir. Vətəndaşa skuter və bu kimi vasitələrdən istifadə üçün imkanların yaradılması onların tıxacda qalmasının qarşısını alır. Hərəkət aktivliyini artırır, dinamikliyə səbəb olur. Ümumi olaraq infrastruktur layihələrinin hazırlanmasının müsbət tərəfləri çoxdur. Çünki bu layihələr vətəndaş məmnunluğunun artırılmasına, nəqliyyat konstruksiyasının yaxşılaşdırılmasına əsaslanır”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More