“2 fevral – Gənclər Gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb. Ulu öndər Heydər Əliyev bununla bağlı 1997-ci ildə müvafiq fərman imzalayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra 1999-cu ilin 12 avqust tarixində BMT Baş Məclisi tərəfindən Beynəlxalq Gənclər Günü elan edilib. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir vətəndaş kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar”.
Oxu.Az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir: “Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və regionlarda Gənclər evlərinin, Gənclərin Karyera və İnkişaf Mərkəzlərinin fəaliyyət göstərməsi gənclərlə işin dövlət siyasətinin prioriteti olduğunu sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Fərid Şahbazlı deyib ki, hazırda Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda, müasir dünyanın çağırışlarına verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. İctimai Birlik sədri qeyd edib ki, bu gün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. O bildirib ki, Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər: “Ən önəmlisi isə Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya müharibəsinin iştirakçısı kimi öz gücünü və potensialını göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və tarixi ədalət bərpa edildi”.