İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonların ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.
Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır.
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.