Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə dair hesabatına əsasən hadisənin bir sıra yeni detalları məlum olub.
Oxu.Az “Tengrinews”a istinadən məlumat verir ki, təyyarədəki yanğının əsas mənbəyi sağ qanad, gövdənin burnu və mərkəzi hissələri və sol qanad olub. Mütəxəssislər gövdənin quyruq hissəsində, şaquli stabilizatorda, sükanda müxtəlif ölçülü və formalı çoxsaylı açıq və qeyri-müəyyən zədələr aşkar ediblər. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissələri və komponentlərində aşkar edilib.
Bəzi yerlərdə zədələr düzbucaqlı formada olublar. Hesabatda indiyədək dərc edilməyən fotolar da öz əksini tapıb.
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verib.
Sənəddə aydın olur ki, bu hesabatın bir hissəsi kimi aparılan araşdırma təqsirkarların müəyyən edilməsi və ya məsuliyyətin bölüşdürülməsini nəzərdə tutmur.
Bu hesabatda təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və tədqiqatın nəticələrinə və bütün materialların öyrənilməsinə əsasən dəqiqləşdirilə və əlavə edilə bilər. İşlər başa çatdıqdan sonra aviasiya qəzasının təhqiqatının nəticələrinə dair Yekun Hesabat hazırlanacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) “Embraer” təyyarəsi qəzaya uğrayıb. Qəza Bakıdan Qroznıya uçan təyyarənin məcburi enişi zamanı baş verib.