Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TANAP konsorsiumu məlumat yayıb.
“Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarükün başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir”, – deyə konsorsiumdan bildirilib.
Xatırladaq ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Edirne vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək “Şahdəniz-2” yatağından çıxarılan qazı yerli və Avropa istehlakçılarına çatdırır.
Onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr təşkil edir.