Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərib

Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-a açıqlamasında deyib.

“USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”, – deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə, beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyətini azaltmış olacaq.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur:

“USAID-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More