“Oleq Bakinski”nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib

Ukraynalı “kriminal avtoritet” Oleq Krapivin (“Oleq Bakinski”) və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapovinin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

O, müvəkkilinin səhhətində problem olduğunu və məhkəmə istintaqının bitməsinə qədər onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra Konstantin Kuçer ifadə verib. O bildirib ki, 2017-2018-ci illərdə Fransada yaşayıb:

“Mən mülki aviasiya ehtiyat hissələrinin idxalı və ixracı ilə məşğul olurdum. İspaniyada da şirkətim var idi, lakin təsisçisi başqa adam idi. Həmin ehtiyat hissələrini müxtəlif ölkələrdən, o cümlədən Ukraynadan da idxal edirdik”.

K.Kuçer deyib ki, onun ləğv edilmiş “Günaybank”dan başqa, digər banklarda da hesabı olub:

“Günaybank” bağlandıqdan sonra başqa banklardakı hesablarımdan ehtiyat hissələrinin bir qisminin ödənişini etmişdim. Lakin yükün Rusiyaya göndərildiyini əsas gətirərək saxlamışdılar. Hətta Qazaxıstana gedən yükün belə Rusiyaya göndəriləcəyini düşünürdülər”.

O həmçinin vurğulayıb ki, Valeriy Zaxarenkov ilə görüşəndə onun yanında Oleq Krapivin, Füzuli Musayev və digərləri olub:

“Onlar 5 nəfər idilər. Mən sənədləri gətirmək üçün oradan çıxdım, 5 dəqiqə sonra geri qayıtdım. Qayıdanda hər şey qaydasında idi, təxminən 40 dəqiqə oturduq”.

Daha sonra Oleq Krapivin ifadə verib. O bildirib ki, qarşı tərəf onunla söyüşlə danışıb:

“Dedim ki, söyüşü geri götür, üzr istə, bitsin, getsin. Əsəbi halda söyüşlə danışırdı. Daha sonra üstümə gəlməyə başladı. Zaxarenkov söyüş söyəndə Kuçer otaqda yox idi. Onların bir-birini tanıdığını sonradan öyrəndim. Məni niyə çağırdıqlarını bilmirdim. Kuçerin Zaxarenkovu vurduğunu görməmişəm”.

Zərərçəkən Valeriy Zaxarenkov təqsirləndirilən Oleq Krapivinə onu ikinci dəfə oraya kimin çağırdığı ilə bağlı sual verib. Təqsirləndirilən şəxs söyləyib ki, onu ikinci dəfə oraya Füzuli Musayev çağırıb.

Daha sonra zərərçəkən Valeriy Zaxarenkov ifadə verib. Onun sözlərinə görə, birinci dəfə onu Oleq Krapivin, daha sonra isə Konstantin Kuçer vurub.

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin olunub.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və “Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

“Oleq Bakinski” DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More