Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşmuş “Black Hawk” hərbi helikopteri təhlükəsizlik sistemini söndürərək uçub.
Oxu.Az “CBC News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Senatının Texas ştatından olan üzvü Ted Kruz deyib.
Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım (ADS-B) transponderi işləməyib.
Bununla belə, T.Kruz əminliyini bildirib ki, pilotların qurğunu söndürmək üçün səbəbləri olmayıb: “Sistemin söndürülməsinə milli təhlükəsizliklə əlaqəli səbəb olmayıbsa, bunu etmək üçün əsas yoxdur. Sözügedən halda helikopter təlim uçuşunu həyata keçirib”.
Xatırladaq ki, yanvarın 30-da Amerika paytaxtının səmasında Kanzasdan uçan sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Nəticədə hər iki hava gəmisi Potomak çayına düşüb.
Təyyarənin göyərtəsində dörd ekipaj üzvü və 60 sərnişin olub. Helikopterdə isə üç hərbi qulluqçu olub. Onların heç birini xilas etmək mümkün olmayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.