MSK seçki subyektləri ilə bağlı materialları araşdırılmaq üçün Baş Prokurorluğa göndərəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə əlaqədar 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə 24, 52, 53 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə bağlı daxil olan müraciətlərə baxılıb.

Oxu.Az xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Bəxşeyiş Əsgərov müraciətlə əlaqədar təqdim edilən seçki protokollarının surətlərinə məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyini nəzərə çatdırıb: “Məsələn, protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib. Aydın olur ki, bu şəxslərin başında Uzunboyad bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də Rəhimli bələdiyyəsinə namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmayıb. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.

MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar Uzunboyad bələdiyyəsi Rəhimli bələdiyyəsinə birləşdirilib. Rafiq Muradov hazırda Uzunboyad bələdiyyəsinin sədridir.

Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45% olub.

Daha çox foto burada: PhotoStock.az

Aləmdə Nəsib

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More