Yeddi körpənin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı Perinatal Mərkəzin sabiq direktoru DANIŞDI

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, ibtidai istintaqa verdiyi ifadəsində mərkəzdə baş verən hadisə ilə bağlı bəzi məsələlərə toxunub. Mehriban Abasquliyeva deyib ki, onu mərkəzdə çarpayı sayının xəstə sayından az olmasında günahlandırırlar. Onun sözlərinə görə, bəzi bölgələrdəki perinatal mərkəzlərdə də çarpayı sayı xəstə sayından az olub.

“Mərkəzdə küvəzlərin təhlükəsizliyinə Təbriz Nəzirli cavabdehlik daşıyıb. O, baş verən qısaqapanma barədə mənə hər hansı bir məlumat verməyib. Ümumilikdə, altı nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadisə baş verib. Həmçinin məndən əvvəl direktor vəzifəsini icra edən şəxs yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyib. Onun vəzifədə olduğu 11 ay ərzində avadanlıqlar yanğınla bağlı önləyici tədbirlərin görülməsi üçün yoxlanılmayıb”.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzin binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yeni doğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More