Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, 4 ünvanının sakinləri qanunsuz parklanma ərazilərinin yaradılmasından şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, onlar sözügedən ünvanda bir nəfərin 100 manat qarşılığında bu işi gördüyünü iddia edirlər.
“20 ilə yaxındır bu ərazidə yaşayırıq. Hələ belə bir şeyə əl atan olmayıb. 3-4 ildir buraya gələn bir nəfər camaatdan 100 manat alır, kim pul verirsə, onun maşınını saxlaması üçün əraziyə dəmir vurur. Söz deyəndə hər şeyin icazəsini aldığını qeyd edir. Biz bunun yalan olduğunu bilirik. Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdik, gəlib dəmir dirəyi qoyduranın özünə ikisini sökdürdülər. Lakin bu adam səhəri gün yenə digər yerlərə pul alıb, dəmir vurur”.
Məsələ ilə bağlı Binəqədi rayon bələdiyyə sədri Mürsəl Eminov Oxu.Az-a açıqlamasında bildirib ki, bunu qeyd olunan ərazidə yaşayan sakinlərdən birinin etdiyi deyilir:
“Guya o şəxs sakinlərdən pul alıb, dirək basdırır. Elə həmin ərazidə basdırılan dirəklərin ikisi söküldü. Mən hazırda ərazidəyəm. Dirəklər sökülüb, bir zəncir qalıb, onu da MKİS-ə məlumat verəcəyəm, gəlib söksünlər. Ümumi olaraq vəziyyət belədir ki, Bakı şəhərində parklanma məsələsi aktual hal alıb. Sakinlər binanın qarşısında maşın saxlamağa yer tapmırlar. Metronun “Azadlıq” stansiyası ətrafındakı mağaza sahibləri avtomobillərini binaların həyətində saxlayırlar. Bizim mikrorayonda bina qarşısında maşın əlindən tərpənmək olmur. Sakinlər də istəyir ki, mağaza sahibləri maşınlarını binanın həyətində saxlamasınlar. Beş maşın birdən gəlib camaatın həyətində saxlayanda, sakin də öz maşınını qoymağa yer tapmadığı üçün başlayırlar bir-biri ilə dava etməyə. MKİS-in buna nəzarət etməsi üçün tapşırıq vermişəm. Amma biz bunun üçün başqa yol tapa bilmirik ki, necə edək? Sakin səhər baxır ki, həmişə maşın saxladığı yerə bu gün başqası maşın park edib. İnsanların öz maşınlarını saxlamaları üçün bir yer olmalıdır”.
Aygün Mirakif
Comments are closed, but trackbacks and pingbacks are open.