Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən kənd” adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Altuntaxt, Alxan pəyəsi, Alçalı toponimi, Altuntaxt, Alçalıq oronimi və Alçalı hidronimi haqqında söz açılıb.
Bildirilir ki, Qərbi Azərbaycanda coğrafi məkanlarımızın izini itirmək üçün ermənilər sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qoyaraq arzularını gerçəkləşdirməyə çalışıblar.
Altuntaxt – Dərəçiçək mahalının Axta (Razdan) rayonunda dağ adıdır.
Altuntaxt – Göyçə Kəvər (Kamo) rayonu ərazisində kənd adıdır. Kənd XIX əsrin əvvəllərində ləğv edilib və xarabalığa çevrilib.
Alxan pəyəsi – Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd adıdır. Kənddə 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıblar və 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi deportasiya olunub. 1920-ci ildə sağ qalanlar ata-baba yurdlarına qayıdıblar. Onlar 1923-1925-cı illərdə yenidən qədim yurdlarından qovulub və kənd xarabalığa çevrilib. Bu kəndi Vəkilovlar nəslindən olan Alıxan inşa edib. Alıxan qış, payız, yaz aylarında özünün mal-qarasını, qoyunlarını burada saxlayıb. Ona görə də, kənd Alıxan pəyəsi adlandırılıb.
Alçalı – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub.
Alçalı – Göyçə mahalının Qaranlıq (Martuni) rayonunda çay adıdır.
Alçalıq – Zəngəzur mahalının Qafan rayonunda dağ adıdır.
Sonda bildirilib ki, Azərbaycan türklərinin dədə-baba yurdlarına məxsus bu toponimlər də erməni saxtakarlığının qurbanı olub: “Lakin əminik ki, tarixi reallığın unudulmaması naminə Qərbi Azərbaycan ərazisində mövcud olan qədim yurd yerlərinə qayıdış və tarixi adların bərpası üçün aparılan haqlı mübarizə uğurlu olacaq”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/Nu-60vlGnd4/sddefault.jpg)
Comments are closed, but trackbacks and pingbacks are open.