“Biz Ermənistanın Azərbaycana qarşı siyasətində bir autizm simulyasiya diplomatiyası müşahidə edirik. Autizm simulyasiya müxtəlif müstəvilərdə manipulyasiyalar edərək, yenidən eyni yerə qayıtmaqdır. Yəni beş ildir Ermənistan ən müxtəlif platformalarda guya sülhdən danışır, amma yenə də eyni yerə qayıdır və qayıtdığı yer də müharibəyə hazırlaşmasıdır”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan bu gün də Azərbaycanı “antisülh” mövqeyində ittiham edir, halbuki bu siyasətdən çıxış edən İrəvanın özü və onun tərəfdarlarıdır:
“Belə olan halda əlbəttə ki, Azərbaycana qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur və nəticə etibarilə ortada faktlar var. Məsələn, Ermənistan sürətlə necə silahlanır? 2021-ci ildə 600 milyon dollarlıq hərbi büdcəsini 2024-cü ildə 1 milyard 700 milyon dollardan yuxarı qaldırıb və hamının gözünün qabağında tərəfdarlarının köməyi ilə ciddi şəkildə müharibəyə hazırlaşır. Hətta elə günü bu gün, Paşinyan bu bəyanatı verən zaman onun müdafiə naziri Suren Papikyan Hindistanda keçirilən sərgidə iştirak edir, daha ağır uzaqmənzilli hücum silahları almaqla bağlı müqavilələr imzalayır. Ona görə də düşünürəm ki, bu gedişin sonu daha böyük gərginliyə gətirib çıxaracaq, hətta real müharibə riskləri yaradacaq”.
“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman, Ermənistanın hərbi cinayətkar liderləri Koçaryan və Sarqsyan avropalı tərəfdaşlarının yanında öyünür və “Azərbaycana bir ağır faciəni unutdurmaq üçün bundan daha ağır faciə yaşatdıq” deyirdilər. Ona görə də biz Azərbaycan olaraq indiki gerçəkliyi Ermənistana qəbul etdirmək üçün daha sərt bir reallıq yaratmalıyıq ki, bugünkü vəziyyəti sevə-sevə qəbul etsinlər. Daha sərt reallıq nədir? “Dəmir yumruq” unudulmamalıdır”, – deyə deputat fikrini yekunlaşdırıb.
Siyasi şərhçi İlyas Hüseynov isə Oxu.Az-a açıqlamasında Ermənistanın sülhdə maraqlı olmadığını və saxta narrativləri ölkəmizə qarşı yönəltdiyinin aydın şəkildə hiss olunduğunu deyib:
“Çünki 2025-ci ilin əvvəlindən sülh müstəvisində mühüm addımlar müşahidə olunmur. Bir sıra təmaslar var, amma bu təmaslar fundamental dəyişiklikləri yaratmır və eyni zamanda, Azərbaycana qarşı saxta ittihamlar görünməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə səfəri çərçivəsində bir sıra beyin mərkəzlərində, universitetlərdəki çıxışlarında da aydın şəkildə sülhdən yayındığını büruzə verirdi. Azərbaycana qarşı yönələn fikirlər də bundan ibarətdir ki, Qərbi Azərbaycan mövzusu Ermənistanı ciddi şəklildə narahat edir və bunu ərazi iddiası kimi qələmə verirlər. Eyni zamanda, guya Ermənistana qarşı bir sıra hərbi planlar var. Amma bütün bunlar tamamilə saxta fikirlərdir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan da daxil olmaqla bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və bunun qarşılığını da tələb edir”.
“Lakin buna baxmayaraq, biz hələ də Ermənistanın sürətlə silahlandığını görürük. Azərbaycanla şərti sərhəddə ermənilərin baza tikmələri, fortifikasiya qurğuları, mühəndis-istehkam işlərinin aparılması gözə görünən faktlardır. Ona görə də hesab edirəm ki, burada ictimai rəyi çaşdırmaq əsas məqsəd kimi görünməkdədir və Nikol Paşinyan da daxil olmaqla, Ermənistanın siyasi isteblişmenti bununla vaxt udmağa çalışır. Pərdə arxasında isə Fransa və Hindistanla açıq və ya gizli danışıqlar gedir ki, əsas məqsəd kütləvi qırğın silahlarına yiyələnmək, regional və geosiyasi dəyişikliklərə ümid edərək Azərbaycana qarşı işğalçılıq planlarıdır. Əks halda, bu dövlət sülh arzu edirsə, bunun üçün addımlar atar – öz konstitusiyasını dəyişər, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı real qərar qəbul edər və eyni zamanda, üçüncü dövlətlərin Ermənistan-Azərbaycan sərhədindən geri çəkilməsi ilə bağlı da hərəkət edər. Lakin Ermənistan tamamilə qeyri-konstruktiv mövqe ortaya qoyur”, – deyə şərhçi əlavə edib.
Mərahim Nəsib
Comments are closed, but trackbacks and pingbacks are open.