Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, işin hallarına görə, şəxslər meşə fonduna daxil olmayan Qusar rayonu Quxuroba kəndində ağacları qanunsuz kəsərək, cəmi 1 830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurublar.
Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilib, CM-in 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya instansiya məhkəməsinin qərarına əsasən apellyasiya protesti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:
Məhkəmə qərarı ilə hazırkı cinayət işində məhkumların əməlində əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin, eyni zamanda, bunun davamı olaraq birgə icraçılığın olub-olmaması məsələsinə aydınlıq gətirilib.
Aşağı instansiya məhkəmələri həm qabaqcadan əlbir olan bir qrup şəxsin, həm də birgə icraçılığın mahiyyətini qəbul etdikləri məhkəmə qərarlarında düzgün şərh etməmiş, Konstitusiya Məhkəməsinin qərarına düzgün istinad etməmiş, nəticədə məhkumların əməlinin tövsifində yanlışlığa yol veriblər. Belə ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Buna görə də cinayətdə icraçılıq fəaliyyəti həm də Cinayət Qanununun Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam, yaxud da qismən icra edən, habelə cinayətin törədilməsi prosesində icraçıya bilavasitə kömək edən şəxslər də cinayətin icraçıları sayılırlar.
Sübutlardan da görünür ki, hər iki məhkum cinayət hadisəsi baş verməmişdən öncə bir yerdə olub, hər iki şəxs qanunsuz ağac kəsmək üçün getdiklərini bilib, zaman və məkan baxımından bir yerdə olublar. Qərarda cinayətin obyektiv cəhətinin xüsusiyyətləri açıqlanıb, onun fakültətiv və zəruri əlamətləri göstərilib.
İşin hallarından göründüyü kimi, ağaclar motorla işləyən mişarla kəsilib. Həmin mişar da ağacın kəsilməsi anında yalnız bir şəxs tərəfindən istifadə oluna bilər. Yəni iki şəxsin, eyni zamanda mişardan istifadə etməsi fiziki cəhətdən mümkün deyil. Eyni zamanda həm istintaq orqanının, həm də məhkəmələrin müəyyən etdiyi işin hallarından da görünür ki, hər iki məhkum ağacların kəsilməsi ilə bağlı qabaqcadan razılığa gəlib, mişarı da birlikdə özləri ilə daşımaqla birlikdə hadisə yerinə gətirib və hazırkı ağackəsmədən ibarət cinayət hadisəsi törədilib.
İşin faktiki hallarından da göründüyü kimi, hər iki şəxsin niyyətinin, məqsədinin ağackəsmə olmasına baxmayaraq, yalnız məhkum X1 ağacları mişarla kəsməsi, digər məhkum X2-in isə ağacları daşıması əsasında rolların icraçı və köməkçi kimi qiymətləndirərək birgə icraçılığı istisna etmək, iştirakçılığın məram və məqsədinə zidd olub. Aşağı instansiya məhkəmələrinin məhkumların əməlinin tövsifində yanlışlığa yol verməsinin əsas səbəbi “qabaqcadan əlbir olan bir qrup şəxs” anlayışı ilə “icraçı” və “köməkçi” anlayışlarını eyniləşdirmək, eyni zamanda, cinayətin köməkçisinin də qabaqcadan əlbir olan bir qrupun üzvü olmasının mümkünlüyünü nəzərə almaması ilə bağlı olub. Belə ki, məhkumların cinayət əməli törədərkən rollarının təşkilatçı, təhrikçi, icraçı və köməkçi kimi fərdiləşdirilməsi cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsinə mane olan hal deyil. Yəni iki şəxs cinayət əməli törədərkən biri icraçı, digəri isə köməkçi olduqda da həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsi mümkündür. Qabacadan əlbir olan bir qrup halında birləşərək zaman və məkan baxımından eyni vaxtda, eyni yerdə olan şəxslərin vahid niyyətlə, rolları dəyişməklə cinayət əməlinin obyektiv cəhətini (hazırkı halda ağackəsmə) icra etməsi, əməli qabaqcadan əlbir olan bir qrup halından çıxarmaz və iki subyektən birini icraçı, digərini isə köməkçi kimi qəbul etmək olmaz.
Qeyd edilməsi zəruridir ki, CM-in 259.1-ci maddəsinin obyektiv cəhəti “qanunsuz ağackəsmə (götürmə)” olmasına baxmayaraq, burada cinayət əməlinin icraçısı yalnız bilavasitə ağacı kəsən deyil, həmçinin hər bir işin hallarından asılı olaraq kənarda dayanmaqla, hadisə yerinə gələn şəxslər barədə qrupun digər üzvlərinə məlumat verən, qrupun digər üzvünü (üzvlərini) sığortalayan, əli ilə və ya iplə, yaxud başqa alətlə ağacın kəsilməsini asanlaşdıran, ağacın lazım olan istiqamətə aşmasına yardımçı olan, kəsilmiş və ya doğranmış ağacları kəsildiyi yerdən başqa yerə daşıyıb aparan şəxs də icraçı hesab olunmalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarına əsasən, kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.