Bakıda özünü psixoloq və ruhi-mənəvi kouç (Spiritual coach) kimi təqdim edən Əfsanə Qasımlının təşkil etdiyi, kütləvi hipnoza bənzər bir seansın videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, həmin videoda Ə.Qasımlının həkim xalatında, iştirakçıların isə xüsusi geyimlərdə olması birmənalı qarşılanmayıb.
Bəzi izləyicilər bu cür seansların qeyri-adi və potensial təhlükəli olduğunu bildirərək tənqid edib, bəziləri isə məsələdən heç nə anlamadıqlarını vurğulayıblar. Seansın necə keçirildiyi və iştirakçıların yaşadığı təcrübələr haqqında çox sayda sual yaranıb.
Məsələyə aydınlıq gətirmək məqsədilə Oxu.Az-ın əməkdaşı Əfsanə Qasımlı ilə əlaqə saxlamağa çalışsa da, xanım telefon zənglərinə cavab verməyib və yalnız “WhatsApp” üzərindən bəzi fikirlərini bildirib.
O, keçirdiyi seansın adının “psixoloji trans seansı” olduğunu qeyd edib. Bununla yanaşı, xanım sosial şəbəkələrdə yayılan tənqidləri ciddiyyətlə rədd edib.
Əfsanə Qasımlı bildirib ki, bu məsələ ilə bağlı o, hüquq-mühafizə orqanlarına müraciət edib.
“Videonu paylaşan şəxslər tapılacaqlar. Min nəfər də şikayət ərizəsi yazacaq, qoy görsünlər ki, adamı şərləmək necə olur”, – deyə Ə.Qasımlı bildirib.
Lakin o, hansı şəxslərin və hansı səbəbdən şərlənməsi məsələsinə dair sualları cavabsız buraxıb.
Bundan əlavə, xanım qeyd edib ki, məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət edilməsi qeyri-mümkündür, çünki o, həkim deyil.
Əfsanə Qasımlı fikirlərinə yayılan məlumatların dezinformasiya olduğunu və “cinayətkar”ların tapılaraq cəzalandırılacağını da əlavə edib. Lakin hansı dezinformasiyadan və cinayətkarlardan bəhs etdiyi barədə suallarımıza heç bir cavab verməyib.
Sonda Ə.Qasımlı hansı universitetdə oxuduğu və diplomunda ixtisas olaraq nəyin qeyd olunduğu barədə sualımızı təhdid və təhqirlə qarşılayıb:
“Sizin məlumatı paylaşmağınız və ya paylaşmamağınız mənə maraqlı deyil. Paylaşsanız, hüquq-mühafizə orqanlarına yenidən müraciət edəcəyik. Mən diplomumu polis bölməsində, kim ki bizim haqqımızda paylaşır, onlara göstərəcəyəm, qoy sürtsünlər gözlərinə”.
Əzizə İsmayılova
Comments are closed, but trackbacks and pingbacks are open.