Ölkə ərazisində güclü küləklə müşahidə olunan qarlı hava yol hərəkətində bir sıra çətinliklər yaradıb.
Oxu.Az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunur ki, hazırda Bakı-Şamaxı-Yevlax, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında buzlaşma müşahidə edilir.
“Bununla yanaşı, çoxsaylı xəbərdarlıqlara əhəmiyyət verməyərək mövsümə uyğun təchiz edilməyən, nasaz, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərin hazırkı kritik hava şəraitində istismar olunması, habelə qarlı, buzlu yolda sürücülük təcrübəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi əlavə gərginliyə, qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin gücləndirilmiş iş rejimində çalışdığını qeyd etməklə yanaşı, bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək onları təhlükəsizliklə bağlı verilən tövsiyələrə biganə yanaşmamağa, zərurət olmadıqca şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırır”, – məlumatda bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.