Trampın “Qızıl kartları” ABŞ-ın əcnəbilər üçün viza proqramlarını əvəz edə bilər
ABŞ prezidenti Donald Tramp xarici investorlar üçün viza proqramının “qızıl kart”la əvəz edilməsi ideyasını təklif edib. Kartın 5 milyon dollara başa gələcəyi gözlənilir və Amerika vətəndaşlığına sürətli keçid təmin edəcək.
Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp bildirib ki, yeni proqram ABŞ-da iş yerləri yaradan və ya dəstəkləyən xarici investorlara Amerika yaşıl kartları təqdim edən hazırkı EB-5 viza proqramını əvəz edə bilər. Təklif olunan “qızıl kart” investorlara ABŞ-da daimi yaşayış yeri əldə etmək imkanı vermək məqsədi daşıyır.
ABŞ prezidenti onu da vurğulayıb ki, bu yeni təşəbbüs imkanlı adamların bu kartı almaqla Amerikaya gəlməsinə imkan verəcək. Bundan əlavə, Tramp proqramın təfərrüatlarının iki həftə ərzində məlum olacağını bildirib.
Mümkün rus müştəriləri ilə bağlı suala Tramp bəzi rus oliqarxlarının “qızıl kart”a layiq ola biləcəyini deyib və əlavə edib ki, o, “çox yaxşı” olan bir neçəsini tanıyır.
EB-5 proqramı 1990-cı ildə ABŞ Konqresi tərəfindən iş yerləri yaratmaq və iqtisadiyyatı stimullaşdırmaq üçün xarici investisiyaları cəlb etmək üçün yaradılıb. Bununla belə, ticarət naziri Hovard Lutnikin qeyd etdiyi kimi, proqram “cəfəngiyyat, uydurma və saxtakarlıqla” dolu idi və aşağı qiymətə yaşıl kart əldə etməyin bir yolu olub.
Tramp əlavə edib ki, EB-5 proqramını davam etdirmək əvəzinə, daha səmərəli və şəffaf olacaq yeni “qızıl kart” sistemi tətbiq olunacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.