Ankarada Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankara şəhərinin Keçiören bələdiyyəsinin birgə təşkilatçılığı ilə Kalaba meydanındakı Xocalı soyqırımı abidəsi qarşısında, soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir baş tutub.
Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnləri ilə başlayıb. Qurani-Kərim oxunmasının ardından çıxışlar edilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın uzun illər türk millətinə qarşı apardığı soyqırım və etnik təmizlik siyasətinə diqqət çəkib və Xocalı soyqırımının bu siyasətin davamı olduğunu qeyd edib. Səfir anım tədbirinin əhəmiyyətini vurğulayaraq, bu soyqırımın heç vaxt unudulmamalı olduğunu bildirib.
Keçiören bələdiyyəsinin sədri Məsud Özarslan Xocalı soyqırımının bəşəriyyətinin utanc səhifəsi olduğunu qeyd edərək, belə faciələrin bir daha yaşanmaması üçün türk dünyasının birliyinin zəruriliyini vurğulayıb. Türkiyə Böyük Millət Məclusinin üzvü Uğur Bayraqtutan “Tək millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin taleyinin bir olduğunu, soyqırımın Türkiyədə də heç bir zaman unudulmayacağını ifadə edib.
TÜRKSOY-un Baş katibi Sultan Rayev çıxışında təşkilatın türk xalqlarının ortaq hafizəsini qorumaq üçün fəaliyyətlərini qeyd edib və Xocalı soyqırımının türk dünyasının ortaq acısı olduğunu ifadə edib.
Tədbirin sonunda Kalaba meydanındakı Xocalı abidəsi önünə çələnglər qoyulub.
Səfirliyin və Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) birgə təşkilatçılığı ilə Türkiyənin köklü universitetlərindən olan Qazi Universitetində “XX əsrdə türklərə qarşı erməni zülmünün son nümunəsi: Xocalı soyqırımı” başlıqlı anım proqramı təşkil olunub.
Proqramda Xocalı soyqırımına həsr olunmuş qısa film nümayişinin ardından səfir R.Məmmədov, universitetin rektoru Uğur Önal, Keçiören bələdiyyəsinin keçmiş sədri Turqut Altınok və TDAM-ın müdiri Bülent Aksoy tərəfindən edilən açılış çıxışlarında Xocalı soyqırımının qanlı mahiyyəti barədə məlumat verilib.
Proqram professor Alev Çakmakoğlu Kurunun moderatorluğunda professor Mehmet Şahingöz və professor Toğrul İsmayılın iştirakı ilə panellə davam edib. Paneldə Xocalı soyqırımının siyasi və hüquqi yönlərinə toxunulub, bu qanlı faciənin XX əsrin əvvəllərində türklərə qarşı yürüdülən soyqırım siyasətinin tərkib hissəsi olduğu barədə məlumat verilib.
Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.
Ankara Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Qızılay bölgəsindəki Metro sənət qalereyasında Xocalı soyqırımına həsr olunmuş sərginin açılışı olub.
Soyqırımın dəhşətlərinin əks olunduğu fotoşəkillərin sərgisinin açılış mərasimində Ankara Böyükşəhər Bələdiyyəsinin mədəniyyət şöbəsinin müdiri Ayça Çilek XX əsrdə Ermənistan tərəfindən həyata keçirilən bu soyqırımın dəhşətləri haqqında məlumat verib. O, Azərbaycan türklərinə qarşı bütün dünyanın gözü qarşısında reallaşdırılan bu soyqırımın gələcək nəsillərə daha çox çatdırılmasının vacibliyini ifadə edib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Xocalıda törədilən soyqırımın XX əsr boyunca ermənilır tərəfindən Cənubi Qafqazda və Anadoluda türklərə qarşı həyata keçirilən soyqırım siyasətinin nəticəsi olduğunu noldirib. O, soyqırımını törədən cinayətkarların cəzalarına çatmalarının vacib olduğunu bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.