Xalq artisti Ağadadaş Ağayevə və Nurəddin Cəlilova hökm oxunub – YENİLƏNİB-1

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nürəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, həmin cəza şərti hesab olunub.

***

12.04

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil məhkəmədən bəraət istəyib.

Dövlət ittihamçısı cinayət işinin sübuta yetirildiyini və bəraət hökmü üçün əsasın olmadığını bildirib.

Daha sonra təqsirləndirilən Ağadadaş Ağayev son söz deyib. O, vəkili ilə razılaşdığını qeyd edib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.

Ağadadaş Ağayev hökmdən apellyasiya şikayəti verəcəyini deyib.

***

11.41

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunacaq.

Məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More