Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər.
“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcəkdir” – deyə məlumatda bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.