Beynəlxalq Maliyyə Korporasiyası (IFC) SECO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsinin artırılması təşəbbüsünün icrasına başlayır.
Bu barədə “APA-Economics”ə IFC-dən bildirilib.
IFC-nin yeni maliyyə layihəsi və məqsədi
Qeyd edilib ki, IFC İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarını artırmaq üçün dörd illik məsləhət layihəsinə başlayır. IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi fermerlərin və aqrobizneslərin üzləşdiyi mühüm maliyyə maneələrini aradan qaldırmağa və bununla da məhsuldarlığı artırmağa çalışır.
Azərbaycanda kənd təsərrüfatinin maliyyələşmə problemləri
Kənd təsərrüfatı Azərbaycanda əhalinin 37 faizini işlə təmin edən, lakin ÜDM-ə cəmi 5,5 faiz pay verən mühüm sahədir. Sektorun inkişafı və yüksək keyfiyyətli işlər üçün əsas problemlərdən biri girovların kifayət etməməsi və kənd təsərrüfatı kreditləşməsi ilə bağlı risklərin yüksək olması təəssüratından irəli gələn maliyyəyə məhdud çıxışdır.
Maliyyə əlçatanliğini artirmaq üçün yeni alətlər
Bu problemləri həll etmək üçün IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi həm məhsul yığımından əvvəl, həm də yığımdan sonrakı mərhələdə maliyyə vəsaitlərinə çıxışı yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş innovativ maliyyə alətlərini təqdim edəcək. Bu yeni alətlər kənd təsərrüfatının risk profilinə dəstək verəcək, habelə maliyyə təşkilatlarının fermerləri və aqrobiznesləri kreditləşdirməsinin həcmini artırmağa imkan verəcək.
Məhsul və anbar şəhadətnamələrinin faydalari
Alətlərlə bağlı, məhsul şəhadətnamələri fermerlərə əvvəlcədən yığılmış məhsullardan girov kimi istifadə etməyə imkan verir, yüksək keyfiyyətli toxum, gübrə və digər vəsaitlərin alınması üçün kapitala çıxışı asanlaşdırır. Bu, nəinki məhsuldarlığı artırır, həm də kreditorlar üçün müştəri bazasını genişləndirir.
Anbar şəhadətnamələri isə fermerlərə yığılmış məhsuldan kreditlər üçün girov kimi istifadə etmək və ya anbara çatdırıldıqdan sonra ödəniş almaq imkanı verir; bununla da məhsul yığımından sonrakı maliyyələşdirmə həllini təmin etmiş olur.
Rəqəmsal maliyyələşmə və tənzimləmə çərçivəsi
Rəqəmsal məhsul və anbar şəhadətnamələri maliyyə inklüzivliyini və dayanıqlığını artırmaq potensialına malikdir, lakin miqyasını genişləndirmək üçün dəstəkləyici tənzimləyici çərçivələr tələb edir.
Vurğulanıb ki, IFC-nin fəaliyyəti bu yeni maliyyə alətləri üçün qanunvericilik, tənzimləmə və siyasət çərçivəsinin formalaşması, o cümlədən onların rəqəmsallaşdırılmasını ehtiva edəcəkdir. Tələb olunan qanunvericilik və qaydalar təsdiq edildikdən sonra diqqət maliyyə sektorunun və fermerlərin potensialının artırılmasına yönəldiləcək. Bura dəyər zəncirinin maliyyələşdirilməsi üçün məhsul və anbar şəhadətnamələrindən istifadə edən biznes modellərinin inkişafı daxildir. Məhsul və anbar şəhadətnamələrini səmərəli maliyyə alətləri kimi tanıtmaq üçün ictimai maarifləndirmə təşəbbüsləri də həyata keçiriləcək.
IFC-nin Azərbaycandakı fəaliyyəti
Xatırladaq ki, Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. Həmin tarixdən IFC ölkəyə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya qoyub, maliyyə xidmətləri, infrastruktur və istehsal üzrə 60-a yaxın layihəni maliyyələşdirib. Təşkilat biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmənin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, eləcə də aqrobiznes sektorunun gücləndirilməsi ilə bağlı məsləhət layihələri icra edib.
Comments are closed, but trackbacks and pingbacks are open.