Santuş: Azərbaycan futbolunda legioner limitinin ləğvinin nəticəsini görmək üçün gözləmək lazımdır

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun martın 22-də Haiti, 25-də isə Belarusla keçiriləcək yoldaşlıq oyunları ilə bağlı mətbuat konfransı təşkil olunub.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Baş məşqçi ilk dəfə yığmaya I Liqadan Şahin Şahniyarovu çağırması barədə suala cavabında oyunçuda bir çox keyfiyyət gördüyünü deyib: “Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orda bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin da keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir”.

Santuş Emin Mahmudovun heyətə çağırılmamasını isə zədə ilə əlaqələndirib: “Təkcə Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Onlar fiziki cəhətdən yaxşı olmadıqları üçün deyil, zədəli olduqları üçün yığmaya dəvət edilməyiblər”.

Legioner limitinin ləğvi ilə bağlı fikirlərini bölüşən baş məşqçi bildirib ki, bu qərarın nəticəsini görmək üçün gözləmək lazımdır: “Komanda sayı da artırılıb. Bu qərarların nəticəsinin bizim üçün necə olacağını qarşıdakı aylarda görəcəyik”.

O, Ramazan ayı ilə əlaqədar futbolçulara oruc tutmasına icazə veriləcəyini də bildirib: “Bu normaldır. Buna hörmətlə yanaşıram. Belə məsələlərə diqqət etməliyik”.

Portuqaliyalı mütəxəssis aşağı liqadan əsas milliyə az oyunçu çağırılmasına da aydınlıq gətirib: “U-17 Liqasını və əvəzedicilərin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More