“Prezident İlham Əliyevin də dediyi kimi Fransa hazırda Ermənistanın tərəfini tutur və buna davam edir. II Dünya müharibəsindən sonra formalaşan təşkilatlar münaqişələrin, ölkələr arasındakı problemlərin həllində aktiv rol oynamalıdır”.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Sülhə doğru” panelində bildirib.
Natiq söyləyib ki, BMT-nin Təhlükəsizlik Şurası var, amma orada münaqişələrlə bağlı qərarların verilməsi çətindir.
Onun sözlərinə görə, Azərbaycan da bunu anlayaraq, torpaqlarını işğaldan azad etmək hüququndan yararlanıb:
“Çünki münaqişələrdə maraqlı dövlətlər əsassız olaraq veto haqqından istifadə edir. Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” yanaşmasını xatırlamaq istəyirəm. Bu o deməkdir ki, dünyanın aparıcı gücləri münaqişələr qarşısında sükutu qoruyur. BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələri var, amma heç biri icra edilməyib. Eyni hal Ermənistanın Qarabağı işğalı ilə bağlı da qəbul edilmişdi. Qarabağın işğalını, Xocalı faciəsini xatırlayaq. O zaman dünya ölkələri sadəcə Minsk qrupunu yaratmaqla işlərini bitmiş saydılar. Azərbaycan haqlı olaraq dedi ki, mən torpaqlarımı azad etmək hüququndan istifadə etmişəm. İndi isə Ermənistan sülhə razılaşmalıdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.