Ötən il Azərbaycanda 15 internet provayder uçota alınaraq, ümumilikdə uçota alınan operator və provayderlərin sayı 168-ə çatdırılıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Sektor üzrə 2024-cü ildə innovasiyaların tətbiqi, layihələrin həyata keçirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe müəssisələr tərəfindən 178,5 milyon manat investisiya qoyulub.
Həyata keçirilən investisiya layihələri çərçivəsində televiziya və radio yayımının keyfiyyətinin yaxşılaşdırılması üçün 162 ədəd verici quraşdırılıb, internet şəbəkəsinin tutumu 1206,5 min port (o cümlədən GPON stansiya tutumu 1237 min port) artırılıb.
Hesabat ilində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda telekommunikasiya şəbəkəsinin GPON (qigabit passiv optik şəbəkə) və simsiz texnologiyalar əsasında modernləşdirilməsi, sürətli və keyfiyyətli genişzolaqlı xidmətlərin qurulması məqsədilə xidmət keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülüb. 1060,6 min ev, mənzil və biznes obyekti yüksək sürətli internet xidmətlərinə çıxış imkanına sahib olmuş, 99,7%-i təmassız texnologiyalarla təmin edilmişdir. Layihə nəticəsində 2974,1 min təsərrüfat və bütün təsərrüfatların 1170,3 min abunəçisi GPON texnologiyasına çıxış imkanı əldə edib.
Comments are closed, but trackbacks and pingbacks are open.