XII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirəsi keçirilib – FOTO

XII Qlobal Bakı Forumu çərçivəsində “COP29: Belem üçün Sıçrayış –Transformasiyanın sürətləndirilməsi” adlı panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, panel müzakirəsində videomüraciətlə çıxış edən Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson metan emissiyalarının azaldılması üçün bütün əməkdaşlıqlara hazır olduqlarını deyib.

O, metan emissiyalarının azadılmasına töhfələr verdiklərini söyləyib və SOCAR kimi şirkətlərin də bu prosesə böyük töhfələr verə biləcəyini vurğulayıb.

Dünya Ətraf Mühit və Resurs İqtisadçıları Assosiasiyasının prezidenti Foebe Koundouri regionlara baxış, statistik, ekonometrik məlumatları nəzərə çatdırıb, təbii aktivlərdən danışıb: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsəd və hədəfləri daha geniş təbliğ olunmalıdır. İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərinə sadiq qalmalı və bu istiqamətdə investisiyalar yatırmalıdırlar”.

Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernando Espinoza iqlim dəyişikliyi ilə mübarizənin çətinliklərindən danışıb. O qeyd edib ki, karbonsuzlaşdırma məsələsi çox çətin prosesdir: “Aşağı karbonlu texnologiyalar hamı üçün əlçatan deyil. Prosesin idarə edilməsində çoxtərəfli, müştərək iqlim fəaliyyəti mühümdür. Konvensiyada buna dair konkret tələblər var. Karbonsuzlaşdırmaya təcridolunma kimi baxmamalıyıq. COP29 zamanı 300 milyon dollar vəsait üçün razılığa gəlindi. Amma bu resurslar kifayət deyil və COP30-da bu resursların artırılması yollarını müzakirə edəcəyik”.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi, Tacikistanın sabiq xarici işlər naziri Rəşid Əlimov isə təbii fəlakətlərdən sonra bölgədə yaranan iqlim və maliyyə problemlərinə diqqət çəkib: “Hər il Mərkəzi Asiya ölkələri təbii fəlakətlər, zəlzələ və daşqınlardan əziyyət çəkir. Maliyyələşmə bunu çatdırmır. Təbii fəlakətlərin artması Tacikistanda 1.5 milyard dollar borc yaradır. Tacikistanda 14000 buzlaq artıq tamam əriyib. Özbəkistanda, Qırğızıstanda son iyirmi ildə buzlaqlar 27 faiz azalıb. COP30-da buzlaqlar probleminə də toxunmaq niyyətindəyik”.

“Liberal İnternational” təşkilatının prezidenti, COP21-in vitse-prezidenti Hakima El Haite deyib ki, dünya müharibələrin maliyyələşdirilməsinə fokuslanıb, iqlim dəyişikliyi ilə mübarizə diqqətdən kənarda qalır.

COP20-nin Prezidenti, Perunun sabiq ekologiya naziri Manuel Pulqar Vidal isə deyib ki, COP30-da prosesi irəlilətmək üçün yeni mandatlara ehtiyac var: “COP30-un gündəliyinin anti-Amerika gündəliyi olduğu barədə iddialar populizmdir”.

Kuala Lumpur şəhərinin meri Maimuna Mohd Şərif çıxışında iqlim dəyişiklikləri ilə mübarizədə informasiya texnologiyalarının, idarəçiliyin əhəmiyyətindən danışıb.

Tonqanın Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua iqlim dəyişikliyi ilə mübarizədə təcililikdən, ada dövlətlərinin vəziyyətindən danışıb.

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai panel çıxışında qeyd edib ki, Azərbaycan COP30 üçün yol xəritəsinin tərtib edilməsində əlindən gələn köməyi etməyə hazırdır: “Yaşıl enerjiyə keçiddə orta və kiçik müəssisələr geridə qalır. Onlar planeti xilas etməkdən çox öz sahibkarlıqlarını qorumağa çalışırlar. Ona görə də, bu prosesdə kiçik və orta sahibkara dəstək verilməsi vacibdir”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More