XII Qlobal Bakı Forumu çərçivəsində “Gender – Təhlükəsizlik – İqlim Bağlantısı” adlı panel müzakirə keçirilib.
APA xəbər verir ki, panel müzakirədə çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib ki, iqlim dəyişikliyi dünyada qadınları böyük risk altında qoyur.
O qeyd edib ki, COP29-da da bu məsələlərə toxunulub: “Dünyada baş verən hadisələr, iqlim dəyişikliyi problemləri qadınları daha çox riskə məruz qoyur və bu problemlərin həlli hələ ki sual altındadır”.
Yunanıstanın sabiq Baş naziri George Papandreu çıxışında gender bərabərliyinin əhəmiyyətindən bəhs edib:
“Ətraf mühitin qorunmasında, iqlim dəyişikliyi ilə mübarizədə qadınların təkcə icma, yox həm də dövlət səviyyəsində fəaliyyətini təmin etmək vacibdir”.
Misirin İnsan Hüquqları üzrə Milli Şurasının Prezidenti, sabiq ailə və əhali naziri Muşirə Xəttab çıxışında insan hüquqlarının qorunmasının dünyada dayanıqlı sülhün bərqərar olmasında rolunun əhəmiyyətindən, su çatışmazlığı problemlərindən bəhs edib.
“İnsan hüquqlarına hörmət prinsipi həmişə prioritet olmalıdır. Avropa İttifaqı insan hüquqlarının müdafiəsi sahəsində də dünya ölkələri ilə əməkdaşlıq etməyə çalışır. BMT-nin Baş Məclisinin Fələstin və İsrail dövlətlərinin qurulmasında çoxtərəflilik prinsipi izlənilmir. İnsan hüquqlarının müdafiəsi təmin edilmədən, ədalət olmadan nəinki İsrail və ya Fələstində, bütün dünyada sülhdən söhbət gedə bilməz”, – o qeyd edib.
Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaqi isə bildirib ki, rəhbər vəzifələrdə qadınlara yer verilməlidir.
Panel sülh, gender problemləri, iqlim dəyişikliyi ilə mübarizə, insan hüquqları, müharibə zonalarında qadın və uşaqların müdafiəsi kimi məsələlər ətrafında müzakirələrlə başa çatıb.
Comments are closed, but trackbacks and pingbacks are open.