Martın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib.
Xezerxeber.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə sertifikasiya imtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, bir müddət öncə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib: “Həmin proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib”.
Artıq imtahanın sınaq versiyasının onlayn platforması hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib.
Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.
Daha sonra imtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri – Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva sözügedən imtahanın məzmununun hazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsasları barədə çıxış edib.
DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva imtahan modelinin beynəlxalq standartlara uyğunluğu ilə bağlı məlumat verib və qeyd edib ki, sertifikasiya imtahanı Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.
Daha sonra Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.
Məlumat üçün bildiririk ki, imtahan kompüter əsaslıdır. Platforma bu gündən etibarən DİM-in rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir.
İştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndərilir.
Comments are closed, but trackbacks and pingbacks are open.