Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib – YENİLƏNİB

Bu gün Milli Məclis və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasın açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının “Parlamentarizmin inkişafındakı xidmətlərinə görə” fəxri nişanı təqdim edilib.

Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya öz işini davam etdirib.

Komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər.

İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası komissiyasının 22-ci iclası başa çatıb.

***

saat 15.11

Milli Məclis və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, iclasda Milli Məclisin sədri Sahibə Qafarova və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak edib.

Sahibə Qafarova deyib ki, Valentina Matviyenkonun Azərbaycana səfəri ölkələrimizin parlamentləri arasındakı münasibətlərə təkan verəcək: “Valentina Matviyenko ilə görüşdə hər iki tərəfi maraqlandıran məsələləri müzakirə etdik. Ölkələrimizin parlamentləri arasında mövcud dialoq münasibətlərimizin inkişafında mühüm rol oynayır. Çoxtərəfli əməkdaşlıqda MDB-nin Parlamentlərarası Assambleyasının da rolu böyükdür. Bu platforma qarşılıqlı səmərə verən əlaqələrin inkişafında böyük təkan verəcək. Qarşılıqlı səfərlər dövlətlərarası konstruktiv əməkdaşlığın mühüm aspektidir. Parlamentlərarası Əməkdaşlıq Komissiyasının fəaliyyəti Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, eləcə də ümumi problemlərin həllinə təkan verməklə, əməkdaşlığın daha da irəliləməsinə şərait yaradır. Komissiyanın bugünkü iclasında ticari-iqtisadi və regionlararası əməkdaşlığın aktual məsələləri müzakirə ediləcək. Bu məsələlərin müzakirəsi xalqlarımız arasındakı münasibətlərin inkişafına şərait yaradacaq”.

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri isə ölkələrimiz arasında münasibətlərin əsasının Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulduğunu söyləyib. Eyni zamanda ikitərəfli münasibətlərin inkişafında həm regionlararası, həm də transsərhəd əməkdaşlığı mühüm rolundan, eləcə də Azərbaycanda Rusiyanın Turizm Bürosunun açılmasının önəmindən danışıb.

Valentina Matviyenko ölkəsinin Azərbaycandan olan tələbələr üçün təhsil təqaüd proqramlarını artırmaqda maraqlı olduğunu nəzərə çatdırıb: “Azərbaycan gənclərinin Rusiyanın təhsil təqaüdü proqramlarına marağı böyükdür. Əgər təqaüd proqramlarının sayını artırmaq lazımdırsa, biz buna hazırıq. Biz birlikdə olanda istənilən problemlərin öhdəsindən gəlirik. Azərbaycan hökumətinə praqmatik siyasət yeritdiyi üçün təşəkkür edirəm”.

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri qeyd edib ki, Komissiyanın gündəliyindəki önəmli məsələlərdən biri də iqlim dəyişikliyidir: “Avropa İttifaqı 800 milyard avronu silahlanmaya sərf edir, gəlin bu vəsaiti təmiz ekologiya və əməkdaşlığın inkişafına xərcləyək. Biz MDB ölkələri ilə eyni havanı uduruq. Bundan isə gizlənmək mümkün deyil”.

Valentina Matviyenko çıxışında Azərbaycanda Rus dilinin və mədəniyyətinin inkişafındakı səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More