Bakıda

Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forum keçirilib.

APA xəbər verir ki, Forum çərçivəsində “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” və “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellər təşkil olunub.

Forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

“Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” adlı panel müzakirəsində tarixi köklər və əlaqələrdən bəhs edən professor Qəzənfər Paşayev deyib ki, kərküklərlə Azərbaycan arasında mədəni münasibətlər SSRİ-nin dağılmasından sonra başlayıb.

Türkmaneli Qadınlar Dərnəyinin sədri Fevziyə Hasasu çıxışına türkman irsi mənsublarının Novruz bayramını təbrik etməklə başlayıb: “Kərküklə Azərbaycan türkləri eyni kökdən gəlir. Dünya bunu çox yaxşı bilir. Dünyada əhalicə ən böyük millət türk millətidir. Kərkükə Azərbaycan filmi gələndə hamı yığılıb o filmə baxmağa gedirdi. Bizim mədəniyyətimiz, tarixi irsimiz, dilimiz, kökümüz eynidir”.

“Türkmaneli” qəzetinin baş redaktoru, tarixçi, yazıçı-jurnalist Necat Kevsəroğlu çıxışında türkmanların mədəniyyətindən, tarixindən söz açıb, ortaq dəyərlərə diqqət çəkib, Kərkükdə Azərbaycan Mədəniyyəti Mərkəzinin açılmasını təklif edib.

Türkmaneli Federasiyasının Dərnəklər sədri Mehmet Tütüncü isə çıxışında Kərkükdə Azərbaycan universiteti yaradılmasını təklif edib: “Bunun üçün dəstək lazımdır. Aidiyyəti şəxslərdən xahiş edirəm, bu mövzunu diqqətdə saxlasınlar. Belə bir universitet olsa, tələbə mübadiləsi də edə bilərik. Türkman tələbələr Azərbaycanda, azərbaycanlılar da Kərkükdə təhsil ala, araşdırmalar apara, əsərlər yaza bilərlər”, – o qeyd edib.

“Gələcəyə baxış:yeni imkanlar və təşəbbüslər” adlı ikinci panel müzakirədə çıxış edən Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci isə mədəniyyət və təhsil sahəsində əməkdaşlığın qaçılmaz olduğunu deyib: “Ortaq çalışmalar, layihələr həyata keçirmək, iqtisadi qaynaqları gücləndirmək lazımdır. Bu layihələrin davamlı olması üçün iqtisadi əməkdaşlıq qurulmalıdır”.

Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad çıxışında Kərküklə Azərbaycan arasında tələbə mübadiləsi, birgə konfransların, mədəni-kütləvi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

İraq Türkmanları İnsan haqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman isə çıxışında qeyd edib ki, qarşıda duran əsas məsələlər siyasi çətinliklərlə mübarizə, mədəni kimlik, dil məsələləri, rəqəmsallaşma və sosial rifahın yaxşılaşdırılmasıdır.

Forum bədii hissə ilə davam edib.

Fəridə

Günay Elşən

***

10:00

Bu gün Heydər Əliyev Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum başlayıb.

APA xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçiriləcək. Eyni zamanda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, təkliflər dinlənəcək.

Qeyd edək ki, heyət beş gündür ki, Azərbaycandadır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More