Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:
“Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.
Comments are closed, but trackbacks and pingbacks are open.