Deputat: Azərbaycana qərəzli yanaşma Almaniyanın bizim regiondakı maraqlarına təsirsiz ötüşməyəcək

Çox təəssüf ki, “Deutsche Welle” (DW), xüsusən, Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edəndən sonra birinci dəfə deyil ki, saxta və qərəzli materiallarla çıxış edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, bunun təkcə redaksiya siyasəti olmadığı görünür: “Bunun həm də görünür ki, regiona yanaşmada Fransa ilə sinxron hərəkət etmək haqqında üzərinə öhdəlik götürən Almaniya hökumətinin istəyi olduğunu biz həmin ölkənin ayrı-ayrı rəsmilərinin, xüsusən də, xarici işlər nazirinin, Almaniya Bundestaqında Xarici əlaqələr komitəsinin rəhbərinin açıqlamalarında dəfələrlə görmüşük. Bu yaxınlarda Azərbaycanla Ermənistan sülhlə bağlı saziş layihəsi üzərində razılığa gəlib. Almaniyanın xarici işlər naziri Annalena Berbok Fransa Prezidentinin ardından bəyanat səsləndirərək bununla bağlı ilk növbədə Ermənistanı alqışladığını bildirdi və qeyd etdi ki, bu, məhz Ermənistanın güzəşti sayəsində baş tutub. Aydındır ki, mövcud sülh layihəsi Azərbaycanın hələ 2021-ci ildə irəli sürdüyü beynəlxalq hüquqa söykənən 5 prinsip əsasında hazırlanıb. Maraqlıdır ki, Ermənistanın güzəştə getdiyini bildirən Annalena Berbok burada nəyi nəzərdə tutur? Ermənistan kimə güzəştə gedib? Beynəlxalq hüquqa, beynəlxalq normalaramı?”

Sahib Alıyev deyib ki, Azərbaycan torpaqları işğal altında olanda Qərbdəki bir çox dövlətlərdən, o cümlədən, hazırda sinxron hərəkət etdiyi Fransadan fərqli mövqe tutmağa, nisbətən, obyektiv görünməyə çalışan Almaniya çox təəssüf ki, hazırda demək olar ki, rəsmi Parisdən heç də fərqlənmir: “Bu, təəssüf doğurur. Təbii ki, Azərbaycana qərəzli yanaşma Almaniyanın bizim regiondakı maraqlarına da təsirsiz ötüşməyəcək”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More