Buraxılış imtahanı keçirilib

Aprelin 27-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Bu gün Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

DİM-dən Xezerxeber.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.

İmtahanda 51 min 908 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 74 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İstifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More