Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə görüşüb.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xalqlarımız arasında bağların daha da gücləndirilməsi istiqamətində parlament diplomatiyasının, qanunvericilik orqanlarının üzvləri arasında qarşılıqlı səfər və mübadilələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Bəhreyn arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis edilmiş Parlament Şəbəkəsinə Bəhreyn tərəfindən göstərilən dəstəyə, habelə Parlament Şəbəkəsinin ikinci iclasının Manamada müvəffəqiyyətlə təşkilinə görə təşəkkür ifadə olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Azərbaycanın təşəbbüsü və səylərilə irəlilədilən ikitərəfli normallaşma və sülh danışıqları çərçivəsində əldə olunan uğurlardan bəhs olunub, sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşdırıldığı diqqətə çatdırılıb. Bununla belə, Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarının regional sülh səylərinə maneə olduğu vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:48

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının Şura sədri Əli bin Saleh Əl Salehlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More