Fransa səfirliyi Gürcüstanda fəaliyyət göstərən radikal siyasi qruplara maliyyə ayırmaqla onların hökumət əleyhinə fəaliyyətlərini dolayı yolla maliyyələşdirir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili Budapeştdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu fakt gizlədilir və guya həmin qruplar turist marşrutları ilə məşğul olurmuş kimi təqdim edilir.
“Ekstremist siyasi qrupların üzvlərinə Fransa səfirliyi pul verdi və bununla əslində onların radikal fəaliyyətlərini dolayı yolla maliyyələşdirir. Üstəlik, gözümüzə kül üfürürlər ki, guya bunlar turist marşrutlarını çəkirlər. Halbuki həmin insanlar əsasən hökumətin devrilməsi planları ilə məşğuldurlar”, – deyə Papuaşvili qeyd edib.
O, Avropa İttifaqında yaradılacaq yeni araşdırma komissiyasına da münasibət bildirib və ABŞ-nin yeni administrasiyasının USAID vasitəsilə maliyyələşdirilən “fırıldaq sxemlərini” ifşa etdiyini xatırladıb. Parlament sədri iddia edib ki, demokratik dəyərlər adı altında həyata keçirilən bu layihələr əslində dezinformasiya və hökumətə qarşı təxribatlarla əlaqəlidir.
“Amerika maliyyələşməsində bu problemlər üzə çıxıbsa, deməli, Avropa maliyyə dəstəyi də eyni problemlərlə yüklüdür. Təəssüf ki, Avropa İttifaqının Gürcüstandakı səfirliyi bu məsələlərə göz yumur və cavab verməkdən imtina edir”, – Ş.Papuaşvili vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.