Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyə nümayəndə heyəti “Xarici ölkələrdə müşahidə gəzintisi” çərçivəsində əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.
Baş Qərargah rəisi Azərbaycan və Türkiyə arasında ortaq tarix, mədəniyyət və dəyərlərə əsaslanan mövcud münasibətlərin hər iki qardaş ölkənin təhlükəsizliyi və inkişafı üçün mühüm rol oynadığını qeyd edib. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlığımızın bölgədə sabitliyə və rifaha töhfə verdiyini bildirib. Nazir müavini digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əlaqələrin genişləndirilməsinin innovativ layihələrin reallaşmasına geniş imkanlar yaratdığını xüsusi vurğulayıb.
Göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor T.Canbolat qarşılıqlı səfərlərin və görüşlərin iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsirindən danışıb. Elmi bilik və təcrübə mübadiləsinin zəruriliyini diqqətə çatdırıb.
Türkiyə nümayəndə heyəti daha sonra Azərbaycan müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Görüş zamanı peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb, maraq doğuran bir sıra digər məsələlər geniş müzakirə olunub.



Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.