Son günlər bir sıra dövlət teatrlarında rəhbər və yaradıcı vəzifələrlə bağlı həyata keçirilən kadr dəyişiklikləri ictimaiyyətin gündəminə çevrilib. Aparılan islahat siyasəti ictimai müzakirələr doğurmaqla yanaşı, teatr sahəsində baş verən proseslərə marağı daha da artırıb.
“Report” mövzunun aktuallığını nəzərə alaraq mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovla geniş müsahibə edib.
Müsahibədə kadr islahatlarının əsas istiqaməti, bölgə teatrlarının mövcud vəziyyəti, fəxri adların verilməsi ilə bağlı gündəm, eləcə də YUĞ Teatrının bina problemi və teatrların repertuar siyasətinə dair bir sıra vacib məqamlara toxunulub.
– Oleq müəllim, Mədəniyyət Nazirliyində son bir il ərzində müəyyən kadr islahatlarının olduğunu görürük və bu proses hazırda da davam etdirilir. İstəyirəm, buradan başlayaq: bu islahatların aparılması ilə nazirlik konkret nələri hədəfləyir?
– Bildiyiniz kimi, kadr dəyişikliyi Mədəniyyət Nazirliyində həyata keçirilən genişmiqyaslı institusional islahatların ayrılmaz hissəsidir. Bu prosesin əsas məqsədi nazirliyin fəaliyyətini optimallaşdırmaq, idarəetmədə çevikliyi və səmərəliliyi artırmaqdır. Paralel olaraq, yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılması istiqamətində də davamlı addımlar atılır. Çünki funksional və dayanıqlı fəaliyyətin nəticəsi birbaşa olaraq möhkəm institusional əsaslara və düzgün qurulmuş insan resurslarına bağlıdır.
Hansısa müəssisədə yaxşı kadr formalaşıbsa, onun təcrübəsindən istifadə etmək lazımdır və edilir
– Son günlərdə bir sıra dövlət teatrında da bu cür əsaslı dəyişikliklər və yerdəyişmələr müşahidə olundu. Bəs bu cür yerdəyişmələr hansı prinsiplərə əsaslanır?
– Müasir insan resursları sahəsində planlı şəkildə kadr yerdəyişməsi geniş yayılmış və effektivliyi sübut olunmuş idarəetmə alətidir. Bu cür yerdəyişmələrin məqsədi, bir tərəfdən, təcrübəli kadrların yeni mühitlərdə öz bilik və bacarıqlarını paylaşmasına şərait yaratmaq, digər tərəfdən isə həmin şəxslərin qarşısında yeni çağırışlar qoyaraq onların peşəkar inkişafını dəstəkləməkdir. Sözsüz ki, burada əsas hədəf teatr sahəsinin dinamik inkişafını və idarəetmədə keyfiyyətin yüksəldilməsini təmin etməkdir.
Qeyd etdiyiniz kimi, teatr sektorunda son günlərdə bir sıra yerdəyişmə halları oldu. Sadalananlardan çıxış edərək deyə bilərəm ki, bu kimi hallar normal bir prosesdir. Yəni hansısa müəssisədə hansısa menecer, idarəçi, yəni yaxşı kadr formalaşıbsa, sözün yaxşı mənasında, onun təcrübəsindən istifadə etmək lazımdır və edilir.
Biz elə bilirik ki, mütləq şəkildə teatrın direktoru, bədii rəhbəri və baş rejissoru olmalıdır
– Məhz son təyinatlar zamanı şəxsən mən Milli Gənc Tamaşaçılar Teatrı ilə bağlı da əmr gözləyirdim, amma olmadı. Adıçəkilən teatrda bir müddətdir ki, Baş rejissor yeri boşdur. Bu mənada, yaxın günlərdə təyinat xəbərini gözləyə bilərikmi?
– Əslində, bu sualla çox vacib bir məsələyə toxunmusunuz. Azərbaycanda teatr müəssisələrinin idarəetmə modeli Sovet İttifaqında formalaşmış və artıq ənənəyə çevrilmiş modeldir. Və elə teatr var ki, bəli, orada bu model işləyir, amma elə teatr var ki, bu xüsusiyyətlər onun üçün yarasızdır və model dəyişdirilməlidir. Burada teatrın direktoru, bədii rəhbəri, baş rejissoru olur və biz elə bilirik ki, bu, mütləq şəkildə belə olmalıdır. Yəni biz məhz Milli Gənc Tamaşaçılar Teatrının nümunəsində görürük ki, teatr Baş rejissorsuz normal şəkildə fəaliyyətini davam etdirə bilir. Oraya təyinatın olub-olmaması ilə bağlı isə gəlin hadisələri qabaqlamayaq.
Son illərdə fəxri adların verilməsində fasilə olsa da, normativ hüquqi aktlarda onların verilməsi məsələsi hələ də qüvvədə qalır
– Bir az da fəxri ad məsələsi üzərindən danışmaq istəyirəm. Bəzən incəsənət xadimləri tərəfindən fəxri adlarla bağlı giley-güzar halları olur. Bu, adların doğru ünvana çatmaması, yaxud son illərdə, ümumiyyətlə, heç kəsə fəxri adın verilməməsi və sairlə bağlıdır. Konkret bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
– Əslində, fəxri adlar haqqında normativ hüquqi aktlarda onların verilməsi məsələsi hələ də qüvvədə qalır. Doğrudur, adların verilməsində son illərdə müəyyən fasilə müşahidə olunur. Bu adlar sənət adamlarına daha çox stimulverici bir təltifdir. Adların doğru ünvana çatıb-çatmaması müzakirəsinə gəlincə isə “Fəxri adlar haqqında əsasnamə” var və orada adların hansı prinsiplər əsasında verilməsi yazılıb. Amma aktyor daha çox yaradıcılığını düşünməlidir. Fəxri ad üçün, mükafat üçün, medal üçün çalışmamalıdır.

Gürcüstanda artıq 90-cı illərin əvvəllərindən fəxri adlar mövcud deyil və teatrlarda işləyən yeni nəsil, ümumiyyətlə, fəxri adın nə olduğunu bilmir. Bildiyiniz kimi, fəxri adlar daha çox postsovet məkanında mövcuddur. Bu gün, XXI əsrdə bu adların verilməsi nə dərəcədə aktualdır, yaxud tam aradan qaldırılacaqsa, hansı formada aradan qaldırılacaq? İndiyə qədər fəxri ad alanlar üçün o adlar qüvvədə qalacaqmı? Bu kimi açıq suallar var və müzakirə mövzusudur. Mən bir daha təkrar edirəm, hesab edirəm ki, incəsənət adamı bu şeyləri düşünməməlidir.
Mədəniyyət nazirinin “AzDrama”nın kollektivi ilə görüşü hansısa bir söz-söhbətə, yaxud müzakirəyə görə edilməyib
– Nazir Adil Kərimlinin teatr kollektivləri ilə görüşləri olur. Son iki görüş Rus Dram Teatrında və Akademik Milli Dram Teatrında olub. Aydın məsələdir ki, bu kimi görüşlər nazirliyin daxili işidir, amma “AzDrama” ətrafında gedən söz-söhbətlərdən sonra mədəniyyət nazirinin kollektivlə görüşü gözlənilən idi. Bu mənada, görüş barədə, oradakı müzakirələr barədə də soruşmaq istəyirəm.
– Əvvəla onu deyim ki, mədəniyyət nazirinin teatr kollektivləri ilə görüşü planlı şəkildə həyata keçirilir və bu görüşlərə biz keçən ildən başlamışıq. Ötən il bir neçə teatr kollektivi ilə görüş oldu, bu il də eyni tendensiya davam etdirildi və Rus Dram Teatrı, eləcə də, Akademik Mili Dram Teatrının kollektivi ilə görüşlər oldu. Yəni bu hər hansısa bir söz-söhbətə, yaxud müzakirəyə görə edilməyib. Teatr kollektivləri ilə görüşlərdə əsas məqsəd mədəniyyət nazirinin kollektivlərlə daha yaxından tanış olması, kollektivin fikirlərini öyrənməsi və Mədəniyyət Nazirliyinin yanaşmasını birbaşa nazirin özündən eşidilməsidir.
Və onu da deyim ki, bu görüşlərdə təkcə teatrın yaradıcı heyəti olmur, teatrın ayrı-ayrı sahələrini əhatə edən şəxslər də, məsələn, texniki heyət də orada olur. Çünki nazirliyin yanaşması budur ki, söhbət tək yaradıcı heyətdən getmir, məsələn, texniki heyətin də müəyyən təklifi ola bilər və onu səsləndirməkdə sərbəstdir. Burada açıq mikrofon prinsipi olur, müəyyən fikirlər səsləndirilir, təkliflər verilir. Teatr yaradıcı mühitdir, orada hansısa fikir toqquşmalarının olması normaldır. Mən teatrda çalışdığım dövrü xatırlayıram, bizdə də bu cür mübahisələr olurdu.

Bakıda fəaliyyət göstərən teatrlar öz kommunal xərclərini rahat ödəyə bildiyi halda, bölgə teatrları bunu edə bilmir
– Oleq müəllim, bir az da bölgə teatrlarından, onlara tamaşaçı marağından, eləcə də Mədəniyyət Nazirliyinin həmin teatrlarla bağlı gələcək planlarından danışmaq istəyirəm. Bakı teatrlarına olan tamaşaçı marağı, aydın məsələdir ki, bölgələrdə belə deyil. Bu marağı oyatmaq üçün nazirlik hər hansısa bir konsepsiya düşünürmü?
– Çox vacib məsələyə toxundunuz. Əvvəla qeyd edim ki, bölgə teatrları Mədəniyyət Nazirliyi tərəfindən daimi şəkildə dəstəklənir. Buraya dövlət sifarişləri də daxildir, digər məsələlər də. Amma mən belə hesab edirəm ki, bölgə teatrları ilə bağlı siyasət dövlət proqramında öz əksini tapmalıdır. Yəni bölgə teatrlarına yanaşma fərqli olmalıdır. Əlbəttə, Bakıda əhalinin sayı, sosial-iqtisadi inkişafı ilə bölgələrinki eyni deyil. Bu, tək bizdə belə deyil, yəni dünyada da oxşar vəziyyətdir. Bakıda fəaliyyət göstərən teatrlar öz kommunal xərclərini rahat ödəyə bildiyi halda, bölgə teatrları bunu edə bilmir. Bu da onu deməyə əsas verir ki, orada tamaşaçı marağı yaxşı vəziyyətdə deyil.
Əslində, bu, çox genişmiqyaslı məsələdir və burada kadr problemləri də mütləq qeyd edilməlidir. Mədəniyyət və İncəsənət Universitetini bitirən gənc bir aktyor, yaxud rejissora bölgəyə gedib orda işləmək üçün lazımi şərait yaradıla bilirmi? Çünki o bölgə teatrına gedirsə, orada işləməsi üçün müəyyən şərait olmalıdır. Varmı belə bir şərait? Bunu təmin edə bilirikmi? Çətin sualdır, bu mənada, mənim şəxsi fikrimdir ki, dövlət proqramında bölgə teatrlarına fərqli yanaşma sərgilənməlidir.
Bilirsiniz, teatr böyük bir alət, böyük bir güc deməkdir. Teatrın və onun repertuarının insanlara təsiri, gənc nəslin zövqünün formalaşdırılmasında rolu son dərəcə əhəmiyyətlidir. Bu mənada, dövlət teatrlarının üzərinə çox vacib bir missiya düşür. Bəzən teatrlarda kommersiyalaşma istiqamətində meyillənmə görürük, aydındır, teatrın kommersiya baxımından da fəaliyyəti yüksək olmalıdır. Amma yaddan çıxarmaq olmaz ki, dövlət teatrları çox ciddi bir missiyanın parçasıdır.

– Teatrların repertuarı məsələsinə toxundunuz. Necə düşünürsünüz, bu gün Azərbaycan teatrlarında səhnəyə qoyulan tamaşalar 2025-ci il tamaşaçısını və maraqlarını nəzərə alırmı?
– Əvvəlcə onu deyim ki, Azərbaycanda teatrlar repertuar siyasəti baxımından sərbəstdir. Mədəniyyət Nazirliyi teatrlar üçün heç bir halda repertuar planını tərtib etmir. Doğrudur, qoyulan əsərlər nazirliyin nəzarətindən keçir, bu da ondan irəli gəlir ki, teatrlar nazirliyin tabeli müəssisələridir və nazirlik müəyyən mənada cavabdehlik daşıyır.
Konkret dövrün tamaşaçısı üçün qoyulan əsərlərin aktuallağına gəlincə, teatrlarımız daha kreativ və diqqətli olsalar, yaxşı olardı. Söhbət hər hansısa bir əsərdən getmir, əsər klassik əsər də ola bilər, müasir də. Burada rejissorun baxışı və tamaşanın səhnə həlli çox vacibdir. Teatr üçün ən təhlükəli məqam tamaşa üçün tamaşa qoyulmasıdır – bir növ, sadəcə, repertuar xətrinə. Təbii ki, belə olan halda, teatr tamaşaçı itirəcək. Və hər bir teatrda tamaşaçı datası olmalıdır. Teatr bu datanı özü formalaşdırmalıdır.
– Bir ara YUĞ teatrında müəyyən spesifik gedişlər var idi.
– Bəli, YUĞ teatrı spesifik və balaca bir teatrdır. Orada dediyimiz tamaşaçı datasını yığmaq daha asandır. Yəni bunu nazirlik etməməlidir, bu, teatrların öhdəliyində olan məsələdir. Teatr müəssisəsi tamaşaçını tanıdığı halda, repertuar seçimində, demək olar ki, heç vaxt yanılmayacaq.
Təqdim edilən repertuar gənclərin zövqü ilə üst-üstə düşmürsə, onun teatra gəlməsini gözləmək mənasızdır
Bu gün əsas müzakirə mövzularından biri də gənc nəslin teatra getməməsidir. Bu da yenə də həmin teatrların repertuarı ilə bağlıdır. Təqdim edilən repertuar gənclərin zövqü ilə üst-üstə düşmürsə, onun teatra gəlməsini gözləmək mənasızdır. Biz Mədəniyyət Nazirliyi olaraq, kerativ yanaşmalara hər cür dəstək və kömək etməyə hazırıq.

Baş rejissor Mikayıl Mikayılov da YUĞ Teatrı üçün bina axtarışı prosesə cəlb olunub
– YUĞ Teatrından danışmışkən, oranın bəlli bina probleminə də toxunaq. Nazir Adil Kərimli kollektivlə görüşdə yeni bina ilə təminatla bağlı söz verdi. Hazırda bu istiqamətdə nə iş görülür? Proses hansı mərhələdədir?
– Bəli, təəssüflər olsun ki, YUĞ Teatrının bina problem artıq neçə illədir ki, davam edir. Mən Vaqif İbrahimoğlunun tələbəsi olmuşam, o zaman birim dərslərimiz teatrın əvvəlki binasında keçirilirdi. Ona görə bu məsələ məni həm nazirlik nümayəndəsi kimi, həm də bir aktyor kimi narahat edir. YUĞ Teatrının binası üçün artıq konkret işlər aparılır. Qeyd edim ki, teatrın Baş rejissoru Mikayıl Mikayılov da prosesə cəlb olunub və mütəxəssislərdən ibarət bir komanda bunun üzərində çalışır. Çünki hər bir teatr üçün bina spesifik olur, bu bank, yaxud məktəb binası deyil, ona görə də müəyyən texniki xüsusiyyətləri olur. Amma prosesin nə vaxta yekunlaşacağını konkret demək çətindir. Burada bizim üçün əsas olan odur ki, YUĞ Teatrının bina problemi həll olunacaq.
Mədəniyyət sahəsi artıq yalnız mədəni yox, həm də iqtisadi dayanıqlı bir modelə çevrilməlidir
– Aydındır. Son olaraq, 2023-cü ildə ölkəmizdə ilk dəfə mədəni forumlar keçirildi. Bu forumların keçirilməsi sıxlığı necə olacaq? Konkret bəlli interval varmı? Və bu təcrübə nazirliyə nələr verdi?
– Bəli, 2023-cü ildə keçirilən mədəniyyət forumları Mədəniyyət Nazirliyi üçün əhəmiyyətli bir təcrübə oldu. Bu forumlar açıq mikrofon formatında təşkil olunaraq kino, teatr, musiqi və digər sahələri əhatə edən geniş müzakirə platforması kimi çıxış etdi. Şəxsən iştirak etdiyim və təşkili ilə məşğul olduğum Teatr Forumunda da gördük ki, insanlar öz fikirlərini bölüşmək üçün böyük maraq göstərirdilər. Hətta sual-cavab mərhələsində növbələrin yarandığı, iştirakçıların bəzən təkcə sual vermək deyil, həm də öz baxış bucağını paylaşmaq istədikləri hallar oldu. Bu müzakirələr nazirlik üçün dəyərli siqnallar verdi – hansı mövzular daha aktualdır, sektorun hansı problemləri var, hansı sahələrdə dəstək və dəyişikliklərə ehtiyac duyulur. Səsləndirilən bütün fikirlər toplanaraq təhlil edildi və heç biri diqqətdən kənarda qalmadı.

Hazırda bu forumların konkret olaraq hansı tezliklə keçiriləcəyi barədə qəti qərar yoxdur. Lakin proses davam edir və yalnız forum formatında yox, müxtəlif görüşlər, tədbirlər və dəyirmi masalar şəklində də daim təşkil olunur.
Eyni zamanda qeyd etmək lazımdır ki, mədəniyyət müəssisələrində idarəetmə modelinin təkmilləşdirilməsi zərurətə çevrilib. Ümumilikdə bu müəssisələrin fəaliyyətində iki əsas istiqamət mövcuddur – repertuar, yəni yaradıcı sahə və inzibati-idarəetmə istiqaməti. Bu yanaşma beynəlxalq təcrübədə də geniş yayılıb. Bu gün mədəniyyət müəssisələrinin insan resurslarının düzgün idarə olunması, səmərəli maliyyə mexanizmlərinin tətbiqi, gəlirliliyinin artırılması, eləcə də müasir marketinq və kommersiya yanaşmalarının tətbiqi vacibdir. Mədəniyyət sahəsi artıq yalnız mədəni yox, həm də iqtisadi dayanıqlı bir modelə çevrilməlidir. Keçirilən forumlar da bu kimi aktual məsələlərin müzakirəsi və həll yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.