Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir

Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şuranın və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilir.

“Report” xəbər verir ki, üç gün davam edəcək konfransın məqsədi media istehsalı və istehlakı proseslərinin rəqəmsallaşma ilə transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr aparmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfransın ilk günündə “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt, media və cəmiyyət”, “Rəqəmsal dövrdə media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal dövrdə reklam və marketinq”, “Jurnalistika tarixi”, “Süni intellekt, media və vizual mədəniyyət”, “Rəqəmsal transformasiya və media” mövzuları üzrə 7 bölmədə 48 məruzə dinləniləcək.

Qeyd edək ki, konfransa ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

Konfrans çərçivəsində həmçinin Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil ediləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More