Ənənəvi dəyərlərin və ailə institutunun qorunmasında təhsilin roluna həsr olunan konfrans keçirilib

“Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə baş tutan konfrans Beynəlxalq Ailə Gününə həsr edilib.

Tədbirin məqsədi ailə institutunun nüfuzunun qorunması və inkişafına, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə vermək, eyni zamanda qeyd edilən məsələlərin təhsil prosesində öz əksini tapmasını təşviq etməkdir.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yeni Ailə konsepsiyasının hazırlandığını və bu sənədin ailə dəyərlərinin qorunmasında önəmli rol oynayacağını deyib. O qeyd edib ki, komitə ictimai müzakirələr təşkil edərək Ailə konsepsiyasının işləmə prosesinin analizinə çalışır:

“Ailə hər bir xalqın, millətin milli kimliyi məsələsidir. Bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac var. Milli maraqları qorumaq lazımdır. İndiyə qədər milli və beynəlxalq səviyyədə bir sıra layihələr icra olunub, müəyyən nəticələr əldə edilib. Azərbaycan ailəsi və onun maraqları, milli dəyərlərimiz ilə bağlı ciddi tələblər ortaya qoyulur. Bizim bu sahədə ciddi problemlərimiz var”.

BDU-nun rektoru Elçin Babayev rəhbərlik etdiyi universitetdə qadınların xeyrinə gender bərabərsizliyinin mövcud olduğunu vurğulayıb:

“Tələbələrin 65 faizdən çoxu xanımlardır. Elə əməkdaşların da sırasında xanımların sayı getdikcə artır. Biz tələbələrə milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrırıq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib ki, Azərbaycanın Qarabağ zəfəri cəmiyyətin milli-mənəvi dəyərlərinin inkişafına da töhfə verib.

Deputat Mehriban Vəliyeva isə ailə-məktəb əməkdaşlığına diqqət çəkərək vurğulayıb ki, bu yalnız texniki məsələlərdə deyil, dəyərlərin təbliğində, bir-birinə ötürülməsində də ciddi rol oynamalıdır:

“Valideyn məlumatlandırılması gücləndirilməlidir. Son vaxtlar təhsil və ailə arasına uçurum salanlar var. Amma biz çalışacağıq ki, ailə və təhsil hər zaman bir-birinə bağlı olsun”.

Konfransda daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, deputatlar və ictimaiyyət nümayəndələri çıxış edərək ailə institutunun qorunması və inkişafı, yeni çağırışların fonunda problemlərin həllinə dair müzakirə aparıb, təkliflər səsləndiriblər.

Foto: Zaur Mustafayev

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More