Qış İdman Növləri Federasiyası rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan pasportu almasına və “milliləşdirilməsi” ehtimalına münasibət bildirib.
Bu barədə “Report”un sorğusuna cavab verilib.
“Bununla bağlı hər hansı bir məlumat olduqda federasiya tərəfindən ictimaiyyətə məlumat veriləcək”, – deyə qurumdan vurğulanıb.
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsindən məsələyə münasibət bildirməyiblər.
Veronika Jilina sosial şəbəkə hesabında Azərbaycan pasportu aldığını yazıb. 17 yaşlı idmançı Azərbaycan bayrağı altında mübarizə aparmaq üçün icazənin alınmasını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb. İdmançı zədəli olduğu üçün iki mövsüm Rusiyada yarışmadığını bildirib:
“Sağalmağımda mənə kömək olan hər kəsə minnətdaram. Həyatım artıq bir neçə ildir ki, Bakı ilə bağlıdır. Azərbaycan sevdiyim və ikinci vətənimi tapdığım ölkədir”.
Daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası Veronika Jilinanın Azərbaycan millisinə keçidini bəyənmədiyini açıqlamışdı.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.