ABŞ administrasiyası iyun ayına planlaşdırılan Haaqa sammitindən sonra öz hərbi qüvvələrinin Avropa ölkələrindən çıxarılması ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşmələrə başlayacaq.
“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Estoniyada təhlükəsizlik konfransı zamanı ABŞ-nin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
“Biz bu müzakirələri NATO strukturu çərçivəsində aparacağıq. Əlbəttə, (NATO-nun Haaqada) sammitindən sonra, bu ilin sonunda bunu müzakirə etməyə başlayacağıq. Bütün müttəfiqlərimiz buna hazırdır”, – o deyib.
Eyni zamanda, daimi nümayəndə yekun qərarın hələ verilmədiyini qeyd edərək, ABŞ-nin alyansdan çıxmaq niyyətində olmadığını və digər NATO üzvləri üçün böyük müttəfiq olaraq qalacağını açıqlayıb.
Uitaker müttəfiqlərinə xəbərdarlıq edib və Avropa İttifaqını Aİ-yə daxil olmayan ölkələrin şirkətlərinin Avropanın müdafiə satınalmalarında iştirakını məhdudlaşdırmamağa çağırıb. Onun sözlərinə görə, bu, Avropanın yenidən silahlanmasına, xərclərin artmasına və innovasiyaların ləngiməsinə mane ola bilər.
Xatırladaq ki, apreldə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin sayını azalda biləcəyini etiraf edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.