Vüqar Rəhimzadə: Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı dialoq və əməkdaşlığa verdiyi önəmidir

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıqda qazandığı uğurlara işıq salır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Report” açıqlamasında bildirib.

“Nəzərə alsaq ki,“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda ölkələr arasında siyasi, iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır, bu halda dövlət başçısı İlham Əliyevin qurumun Zirvə görüşündə iştirakına verilən önəmi şərtləndirən amillər bəlli olur.  Prezident İlham Əliyevin  milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin sülh, təhlükəsizlik, yeni körpülərin qurulması üçün əməkdaşlıq çağırışları beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması da özündə mühüm məqamları ehtiva edir”.

Onun sözlərinə görə, regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasını bu gün daha da genişləndirilməsi, Azərbaycanın bütün qitələrdə dost, tərəfdaş qazanması da bunun bariz nümunəsidir: “Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Azərbaycanın Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi,  təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən “Avropa Siyasi Birliyi”nin sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini uğurla reallaşdırır: “Hər bir səfərdə, beynəlxalq tədbirlərdə diqqət göstərilən əsas məsələrdən biri Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olmasını təsdiqləyən COP29 iqlim konfransına ev sahibliyi etməsidir. Ötən il Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru olan COP29 Azərbaycanın söz sahibliyini, ən uğurlu nəticələri qazanmaq imkanına malik olduğunu təsdiqlədi. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu və yeni əməkdaşlıq formatlarının yaradılmasına böyük stimul verdiyi xüsusi vurğulanır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallaşdırdığı enerji layihələri regional əməkdaşlığın inkişafında, dünya birliyində mövqelərini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi, bu gün isə dövrün çağırışına uyğun olaraq  bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına verdiyi töhfələri ilə diqqətdədir. Ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları daha sıx birləşdirir”.

Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan çoxqütblü dünya nizamında regional və orta güc modelini təqdim edir: “Tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. Ölkəmiz qlobal ədalət prinsipinin müdafiəsində fəal mövqe nümayiş etdirən dövlətlərdən biri kimi nüfuz qazanıb. Azərbaycanın neokolonializmə qarşı mübarizədə və Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsində tutduğu prinsipial mövqe, BMT platformasında bu istiqamətdə qaldırdığı təşəbbüslərlə yanaşı, müxtəlif bölgələrdəki ədalətsizliklər əleyhinə sərgilədiyi qətiyyətli yanaşma ölkəmizin beynəlxalq məsuliyyət daşıyan aktor olduğunu göstərir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More