Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Turkustan.az xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə 18 yaşlı Abdulla Əliyev çıxarılıb.
O, terrora hazırlıqda, dini fanatizm zəminində cinayətkar birlikdə iştirak etməkdə və digər ağır ittihamlarla məhkəmə qarşısına çıxarılıb.
İttihamdan belə aydın olur ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin operativliyi olmasaydı, Abdulla Əliyev yəhudi icmasının dini məkanı olan “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı “Molotov kokteyli” ilə hücum edəcəkmiş. Hücum planı 2023-cü ilin dekabrında, Yeni il ərəfəsində həyata keçirilməli, insanların diqqəti bayram coşğusuna yönəlmişkən, Bakıda sinaqoq qan gölünə çevirilməli idi.
İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.
O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.
Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.
İş üzrə məhkəmə baxışı iyunun 2-də başlayacaq. /musavat.com/
Mənbə: Turkustan.Az
Comments are closed, but trackbacks and pingbacks are open.