Braziliya Prezidenti Luis İnasiu Lula da Silva İşçilər Partiyasının üzvləri ilə şəxsi söhbətlərində 2026-cı ildə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərini “Metrópoles” qəzeti dərc edib.
“Mən 2026-cı ildə namizədliyimi irəli sürəcəyəm. Bu seçkilərdə yalnız özüm-özümə məğlub ola bilərəm”, – o bildirib.
Nəşrin məlumatına görə, Lula da Silva artıq Braziliya Demokratik Hərəkatı (MDB) partiyasının liderlərinin dəstəyini almaq və yenidən seçilmək şansını artırmaq üçün onlarla dialoqa başlayıb.
“Metrópoles” hesab edir ki, 2026-cı ildə Braziliyada prezident seçkilərində Lula da Silvanın mümkün rəqiblərindən biri San-Paulo ştatının qubernatoru, keçmiş prezident Jair Bolsonaru (2019-2022) administrasiyasında infrastruktur naziri olmuş 49 yaşlı Tarsizio Qomes di Freytasdır. Nəşr qeyd edib ki, keçmiş ölkə liderinə 2030-cu ilə qədər seçkilərdə iştirak etmək qadağan olunduğu üçün qubernator sağçı partiyalardan namizəd kimi Bolsonarunu əvəzləyə bilər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.