Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılışı olub

Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılış mərasimi olub.

“Report”un Düşənbəyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon, eləcə də hər iki ölkənin nazirlik və Milli Kitabxana nümayəndələri, elmi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon Azərbaycanla Tacikistan arasındakı dostluq münasibətlərindən, eləcə də mədəni əlaqələrin inkişafından bəhs edib.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin, həmçinin ötən il Azərbaycanda keçirilmiş Tacikistan Mədəniyyəti Günlərinin ölkələr arasındakı əlaqələrin inkişafına töhfəsindən danışıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov isə Tacikistanda Azərbaycan Ədəbiyyat Guşəsinin açılmasının çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində artıq beşinci ölkədir ki, burada Azərbaycan Ədəbiyyatı Guşəsi yaradılır.

Vurğulanıb ki, Azərbaycan Ədəbiyyatı Guşəsinin açılması ölkənin görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan azərbaycanlıların, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün fürsət yaradır.

Qeyd edək ki, guşədə oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More