2025-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilir.
“Report” xəbər verir ki, attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə Bakı Xoreoqrafiya Akademiyasına növbəti infotur təşkil olunub.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib.
Qeyd edib ki, ilk mərhələ Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1 759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Fevral-mart aylarında keçirilən bu mərhələdə 1 675 nəfər iştirak edib. Bu, attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1 183 müəllimdən 650 nəfər, yəni 55 faiz bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib.
Xatırladaq ki, mayın 12-də attestasiyanın növbəti mərhələsinə start verilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib.
23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə ümumilikdə 568 müəllimi cəlb olunub.
Bakı və Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub. Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.
Qeyd edək ki, mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.
Bununla bağlı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Nazirliyin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlər üçün maarifləndirici görüşlər keçirilir. Görüşlərdə peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin elementar musiqi nəzəriyyəsi üzrə biliklər, musiqi ədəbiyyatı və digər materiallara dair diqqət edilməli əsas məqamlar müzakirə edilir.











Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.