Cəlilabad rayonunun Buravar kəndində 2022-ci ildə aşkar olunan qoç daş heykəllərinin hələ də dövlət qeydiyyatına alınmaması tarixçiləri narahat edir.
Bu barədə “Report”un Muğan bürosuna tədqiqatçı Sabit Qurbanov məlumat verib.
Onun sözlərinə görə, bu heykəllər Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi olsa da, təəssüf ki, son illərdə bu nadir abidələrin bir çoxu baxımsızlıq ucbatından sıradan çıxır. Nəticədə tariximizin mühüm izləri unudulmağa başlayır:
“Rayonun Buravar kəndində 2022-ci ildə yerləşən köhnə qəbiristanlıq ərazisində qoç və ehtimal edilən buğa daş fiquru aşkar edilib. Həmin fiqurlar bədii işlənmə və forma xüsusiyyətləri Cənubi Azərbaycanın və Qarabağ bölgəsinin oxşar nümunələri ilə uyğundur. Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinin regional idarəsinin rəhbərliyi tərəfindən 2022-ci ildə ərazidə monitorinq keçirilib. Lakin mədəni irs nümunələrinə hələ də heç bir mühafizə statusu verilməyib. Onlar açıq havada iqlim dəyişikliklərinin təsiri altında tədricən aşınır”.
Mütəxəssis sözügedən daş abidələrin mühafizə olunaraq tanıdılmasının zəruriliyini vurğulayıb:
“Bu abidələr yalnız Cəlilabadın deyil, bütün Azərbaycanın türk mənşəli qədim abidələr sisteminin bir parçasıdır. Nümunələrin mühafizəyə götürülməsi və ictimaiyyətə tanıdılması vacibdir. Mədəni İrsin Qorunması üzrə Dövlət Xidməti və yerli idarəetmə orqanları bu istiqamətdə addımlar atmalıdır. Gec olmadan bu abidələrə diqqət yetirilməli, onların gələcək nəsillərə çatdırılması üçün tədbirlər görülməlidir”.
Məsələ ilə bağlı “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Cəlilabad rayonunda dövlət qeydiyyatında olan 46 tarix və mədəniyyət abidəsi var. Son illər aparılmış monitorinqlər nəticəsində tarix, memarlıq və arxeoloji əlamət daşıyan 11 obyekt müəyyən edilərək yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb:
“Hazırda Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təqdim edilən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər barədə məlumatlar təhlil edilir, müzakirələr aparılır.

Daha sonra qanunvericiliyə uyğun olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin obyektlərin memarlıq dəyəri, tarixi və arxeoloji əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarına rəy verilməsi üçün müraciət olunur. Verilən rəy müsbət olarsa, həmin obyektlərin siyahıya daxil edilməsi üçün müvafiq tədbirlər görülür.
Cəlilabad rayonunda da qeyd olunan obyektlərin tarixi abidələrin siyahısına daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir”.




Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.