Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət orqan və qurumlarının fəaliyyəti ilə tanış olublar

Özbəkistan Respublikasına səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri sözügedən ölkənin müxtəlif nazirlik və idarələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Bu barədə “Report”a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Komitəsi, Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsi, Turizm Komitəsi, eyni zamanda Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkili ilə tanışlıq zamanı qonaqlara müvafiq dövlət orqan və qurumlarının fəaliyyət prinsipləri, ictimaiyyətlə əlaqələrin qurulması metodları, informasiya axınının idarə olunması və innovativ kommunikasiya texnologiyalarının tətbiqi, həmçinin ölkənin informasiya siyasətinin əsas istiqamətləri və media ilə səmərəli ünsiyyət mexanizmləri barədə məlumat verilib.

Müzakirələr zamanı hər iki ölkədə kommunikasiya mexanizminin inkişafı istiqamətində atılan addımlar, tətbiq olunan innovativ yanaşmalar və qabaqcıl təcrübələr barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, belə səfərlər peşəkar bilik və bacarıqların artırılması, eləcə də regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More